Bizi izləyin

Müsahibə

“3R”-in açması: Rəfiyev müəmmalardan və hədəflərdən danışdı

“Sumqayıt” bu gün Premyer Liqanın ən yaxşı futbo…

blank
“Sumqayıt” bu gün Premyer Liqanın ən yaxşı futbol oynayan komandalarından biridi. Nəticələr çox yaxşı olmasa da, baş məşqçi Nazim Süleymanov əindəki materiala görə mümkün olanı edir.
 
Klubun inkişafı baxımından da bir sıra işlər görülür. Yeni meydançaların salınması “Sumqayıt”ın böyüməsi, şəhərin adına layiq komanda olması istiqamətində atılan addımların nümunəsidi.
 
Bununla belə, bir sıra məqamlar da var ki, azarkeşlər üçün müəmma qalır. Planlar, perspektiv – bütün bunları klub prezidenti Riad Rəfiyevlə söhbətdə aydınlaşdırmağa çalışdıq. Riad bəy gənc olsa da, futbolda yeni deyil. O, vaxtilə “Neftçi”nin sponsoru olan, mərhum Rasim Rəfiyevin oğludu. Hansı ki, vaxtilə bakılılar meydana üzərində “RİAD” yazılan formalarda çıxardı.
 
Kiçik Rəfiyevlə ilk tanışlığım da ovaxta təsadüf etmişdi. Rasim bəylə və komandaya yeni baş məşqçi gələn Əhməd Ələsgərovla ilk müsahibəm zamanı 10 yaşlı Riad da söhbətimizə qulaq asırdı. İndi o, böyüyüb və özü prezident olub.
 
– Hazırda əsas meydanımızın ot örtüyünü istifadəyə verməyi düşünürük. 15-20 gün içində işlər yekunlaşacaq. Hava şəraiti normal olsa, 2-3 həftə ərzində komanda doğma şəhərə qayıdacaq və məşqləri burada keçəcəyik. Məşq meydançamızın biri də ot örtüklüdü və 2 həftəlik gecikmə ilə ondan da istifadə edəcəyik. Hazırda məcburən məşqlərimizi süni örtüklü meydanda keçiririk. Əsas komandanın və akademiyanın yararlandığı bu meydança da yenidi. Tezliklə küləkdən qorunmaq üçün ətrafları da tutulacaq. Dəniz kənarı olduğu üçün açıq qalması mümkün deyil. Beləliklə, yaşıl örtüklü əsas meydandan əlavə, standartlara cavab verən 2 məşq meydançamız var – biri təbii, digəri süni ot örtüklü. Daha 2 kiçik ölçülü süni meydança salmışıq. Komanda üçün sauna tikintisi də yekunlaşıb, noyabrda istifadəyə veriləcək. 8 paltarəyişmə otağımız var. Bir sözlə, infrastrukturun böyüdülməsi istiqamətində ciddi işlər görürük.
 
– Rövnəq Abdullayevdən yeni bazanın tikintisi ilə də bağlı razılıq almısız. AFFA prezidenti Sumqayıtda olarkən belə bir təklif etdiyinizi eşitdik.
– Hələ gizli saxlamaq istəyirdik. İndi ki məlumatınız var, yaza bilərsiz. Klub üçün yeni, hər şəraiti olan müasir bazanın tikintisi başlanacaq. Minimum 3 mərtəbəli binanın inşaası razılaşdırılıb. Artıq bu mövsümün gedişində işlər başlanacaq. Tribunaların sağındakı qapının, “KapitalBank Arena” yazılan lövhənin arxasında boş ərazimiz var və bazanın burada tikilməsi planlaşdırılır.
 
– O zaman hazırda stadionun koridorlarındakı otaqları boşaldıb, yeni bazada qərar tutacaqsız.
– Burada da işləmək üçün şərait var, amma əlbəttə, müasir bazamız olandan sonra klubu daha da inkişaf etdirəcəyik.
 
– Tikintini “Azərkimya” maliyyələşdirəcək?
– Bəli, əsas sponsorumuz xərcləri üzərinə götürəcək, amma klub da müəyyən yatırım ayıracaq. Klub büdcəsinin bir hissəsi tikintiyə sərf olunacaq. Hardasa yarıbayarı. Hazırda binanın layihəsi üzərində iş gedir, 2019-un ilk yarısında işlərə start veriləcək. Akademiyamız da burada yerləşəcək. 35-40 yataq otağı nəzərdə tutulub və bəzi yetirmələrimizin burada qalması nəzərdə tutulur. Sumqayıtla kifayətlənməyəcəyik, başqa şəhərlərdən də istedadlar axtaracağıq, tapdıqlarımız burada yaşayacaq. Əsas komandamız daha otellərdə qalmayacaq, öz bazamızdan istifadə edəcək. Bu da maliyyəyə qənaət etməyimizə imkan yaradacaq.
 
– Deməli, nəhayət, yerli uşaqların yetişdirilməsi üçün ciddi iş görmək olacaq…
– Əlbəttə, əlavə 2 məşq meydançası, 2 mini-meydança daha ciddi işlər görməyə imkan verəcək. Bazanın tikintisindən sonra daha bir qapalı süni meydança salmağı planlaşdırırıq.
 
– Qazonun ilkin yoxlanışı gələn həftə olmalıdı…
– Sabah (yəni bu gün – red.) gəlib qazonu test edəcəklər. Ot örtüyü hazırdı, amma kökünün necə bərkidiyini yoxlamalıdılar. Bunun üçün 2 ay vaxt lazım idi və həmin müddət bitib. İndi test ediləcək və qərar veriləcək. Güman ki, noyabrın 11-də “Keşlə” ilə ev oyunumuz doğma meydanda olacaq.
 
– Stadiona qulluq kimin öhdəsinə düşəcək?
– Təmir işlərini aparan SİS şirkətinin.
 
– Komandanın vəziyyəti necədi? Ümumi çıxışdan razısızmı?
– Oyun baxımından hə. Nəticə və bəzi başqa amillər qaneedici deyil. Sərgilədiyimiz oyuna görə daha yüksək pillədə olmalıydıq. 5-ci yer oyunumuza görə deyil. Bunun əsas səbəbi 8 oyuna 4 qırmızı vərəqə almağımızdı. Ötən mövsüm qırmızı vərəqə almayan yeganə komanda olmuşduqsa, indi tam tərsidi. Və bütün bu vərəqələri futbolçuların məsuliyyətsizliyinə görə almışıq.
 
–  Bunun səbəbi nədir: rəhbərlik zəifdi, yoxsa baş məşqçi? Axı, futbolçu məsuliyyətsizdisə, deməli, hansısa boşluq var…
– Məncə, günah elə futbolçulardadı. Komandanın kapitanı Vurğun Hüseynov 15-ci dəqiqədə məsuliyyətsizlik edib heç nədən qovulursa, başqasında günah axtarmağa dəyməz. O, özü başa düşməlidi ki, sonuncu müdafiəçi belə hərəkət etməməlidi. Konsentrasiyanı itirmişdi. Bu, onun ikinci məsuliyyətsizliyidi.
 
– Cəzalanacaqmı?
– Mütləq. Necə cəzalanacağı klub daxilində qalsın. İctimailəşdirmək istəmirəm. Bu cəzanın kiməsə dərs olacağını düşünmürəm. Oyunçular hər oyuna heç nəyi düşünmədən, yüksək motivasiya ilə çıxmalıdı.
 
– Klubun infrastruktur baxımından yeni planları, müəyyən işlərin görülməsi Riad Rəfiyev burada olduğu üçün reallaşır,yoxsa sponsorlar onsuz da bunu etmək istəyirdi?
– Zatən yeni meydançaların tikintisi mən gəlməmiş, AFFA-nın dəstəyi ilə başlamışdı.
 
– O zaman Rəfiyevin uğuru bazanın tikintisinə razılıq almasıdı?
– Burada kiminsə uğuru yoxdu. Sumqayıtda futbol inkişaf etməlidi, burada hər zaman futbolçular yetişib, davamı gəlməlidi. Təklifi vermişəm, qəbul olunub. AFFA prezidenti Rövnəq Abdullayev hər cür şəraiti yaradır. İstiqamət götürüb, işləməliyik. Gəldi, baxdı, təklif verdik, dərhal dedi ki, başlamaq lazımdı.
 
– Bəs, stadionun tamaşaçı tutumu nə vaxt artacaq?
– Onu deməyi unutmuşdum. Əslində, birinci planımız elə budu. Bu mövsüm işlər başlayıb, hətta baza tikintisi başlayana kimi tribuna yekunlaşacaq. İndi azarkeşlərin əyləşdiyi yerlə üzbəüz əlavə 1500 nəfərlik tribuna quraşdırılacaq, tablonun yeri dəyişdiriləcək. Son turların oyunlarında azarkeşlərimiz ondan istifadə edəcək.
 
– Bakıda qalırsız?
– Bəli. Hər gün Sumqayıta gəlib-gedirəm.
 
– “KapitalBank Arena”ya daxil olarkən yolun sağ tərəfinə də baxırsız?
– Bəli. Mehdi Hüseynzadə adına stadionun bərbad durumunu nəzərdə tutursuzsa, bu mənzərə xoş deyil. Bu stadion ən sevdiyim yer olub. Həyatımda ən acı gün də burada olub – “Neftçi” “Qızıl oyun”da “Şəmkir”ə uduzanda. Həmin matça bakılı azarkeşlərlə birgə gəlmişdim. Atam klubun rəhbəri olarkən “Neftçi”nin burada çox oyunları olurdu. Aurası xoşuma gəlirdi. İndiki durumu futbolumuz üçün minusdu. Sumayıtlılar futbolu çox sevir, hər oyun tribunalar dolur. Mehdi Hüseynzadə adına stadion tam hazır olsaydı, elə oyunları orada keçirərdik. Quruculuq işlərini orada aparmaq istərdik, amma təəssüf ki, bu arena bizim balansımızda deyil.
 
– İnqilab Məmmədovun səhvi üzündən “Qarabağ”a uduzmuşduz. Bu hakim daha bir təyinat aldı və “Sabah” da sizə yeganə qolla qalib gəldi. Amma bu dəfə Vurğun Hüseyovun günahı üzündən…
– Yenə İnqilabın səhvləri olmuşdu. Bir neçə epizodla bağlı iradlarımız var və bu səhvlər nəticəyə təsir etdi.
 
– Bu barədə AFFA-ya şikayət etdiz? İnqilabın təyinatından əvvəl narazılığınızı bildirmişdiz. Matçda növbəti səhvləri görəndən sonra niyə susduz?
– Videolar, şikayətlər mənlik deyil. Bu, nəticəyə təsir etmir, dəyişmir. Görək bundan sonrası necə olacaq?
HAŞİYƏ: Telefonunda saxladığı, “Sabah”la oyunda hakimin səhv etdiyi videogörüntünü göstərir. Amma bunu özündə saxladığını bildirir.
 
– Bunu Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə göstərmək lazımdı?
– O, yenidi, onluq bir şey yoxdu.
 
– Yeri gəlmişkən, onun gəlişində də sizin rolunuz olduğu deyilir.
– Desinlər də. Mən onu necə gətirə bilərəm?
 
– Vaqif Sadıqovla münasibətləriniz necədi? Oyunlarınıza gəlir?
– Yaxşı. Bir neçə dəfə görmüşəm.
 
– Amma hər oyuna gəlməlidi. Çünki AFFA İcraiyyə Komitəsində sizin klubu təmsil edir.
– (dili dolaşır, pauza verir) Hesab etmirəm ki, hər oyuna gəlməlidi. Hamı gəlsə, yaxşı olar.
 
– Ötən mövsüm 4-cü pillədə təhvil aldığınız, avrokuboka vəsiqənin bir addımlığında olan “Sumqayıt” sonda hədəfdən yayındı. Səbəb nə idi? Əvvəlki rəhbərlik uğurun reseptini özüylə apardı?
– (dərindən ah çəkir). Son 4 oyunda… Bu barədə çox fikirləşmişəm. Cavabını bilirəm, amma deməyəcəm.
 
– “Cavab” indi “Neftçi”nin heyətində oynayır?
– Yox, cavab başqadı, klubun daxili işidi, ictimailəşdirməyək. Kənar müdaxilə yox idi. Hər oyun 20-30 epizodumuz olurdu, qo vurmuruqsa… Deməli, nəsə var. Səbəblər çoxdu.
 
– Braziliyada futbol təhsili almısız…
– O barədə danışmaq istəmirəm.
 
– Ona görə soruşuram ki, niyə futbolçu olmadız?
– İstədiyim kimi oynamırdım, karyeram alınmırdı. Buna görə.
 
– Deməli, istedad hər şeydi.
– Bəli. Obyektiv səbəblər var idi. Karyeram istədiyim kimi getmirdi, əsas heyət oyunçusu olmayacaqdım. Bu səbəbdən uğurlu olacağım sahəni seçdim. Moskvada oxudum və yolumu müəyyənləşdirdim. Futbolda işləmək istəyirdim.
 
– Xeyli futbolçunuz yaşca sizdən böyükdü.
– Heç bir çətinliyi yoxdu. Əksəriyyəti ilə çoxdan münasibətimiz var. Milli komandada 4 il çalışmışam, menecer olmuşam. Əfran İsmayılovla, Elvin Məmmədovla hər gün bir yerdə olmuşuq, gündə 3 dəfə yemək yemişik. Əla münasibətlərimiz var. Dostluq dostluqdu, iş iş. Bəli, onların bəziləri mənə görə buradadı, inanıb gəliblər, amma işi şəxsi münasibətlərə qatmırıq.
 
– Menecerlikdən klub prezidentliyinə gəldiz. Bu vəzifəyə hazır idiz?
– Əslində, özümü futbolda başqa sahədə sınamaq istəyirdim. Klubda rəhbər vəzifə tutmaq planım var idi. Bəlkə də bu, genetikdi, atam “Neftçi”nin rəhbəri olub. Hətta əvvəl də təklif var idi, o zaman alınmadı, milli komandada idim, özüm istəmədim. AFFA-da işlədiyim dönəm yaxşı məktəb oldu.
 
– Millinin yeni məşqçilər korpusu sizinlə işləmək istəmədi və “Sumqayıt”a gəldiz…
– Kimsə harasa gedirsə, öz komandasını aparır. Təbiidi, Qurban Qurbanov da öz komandasını gətirdi və baş məşqçinin qərarına normal yanaşıram.
 
– Bəlkə elə sizi menecerlikdən uzaqlaşdırmaq lazım idi ki, klub prezidenti olasız?
– (gülür) Ola bilər.
 
– Menecer kimi daha çox qazanırdız, yoxsa indi?
– AFFA-da işlədiyim vaxt.
 
– Məncə, indi də pis olmamalıdı. Klub prezidenti ola-ola menecerliyə davam edirsiz.
– Elə deyil, davam etmirəm. Milli komandanın meneceri kimi qazancımdan danışıram. İndi isə işim ancaq kluba bağlıdı, əlavə fəaliyyətim yoxdu. Kimlərəsə kömək edirəm, amma birbaşa futbolçu transferi ilə məşğul deyiləm. AFFA-da təkcə millinin meneceri deyildim, həm də seleksiya şöbəsinin rəhbəri idim. Mənə ölkədə olan istedadları kənara çıxarmaq tapşırığı da var idi. Bu işi görürdüm və maaş alırdım, başqa heç nə.
 
– Amma ölkədən kənara çıxardığınız futbolçuların heç biri uğur qazanmadı.
– Günahkar mən deyiləm. Səbəblər çoxdu və futbolçularımız xaricdə möhkəmlənə bilmir. Biz də oynamaları üçün çalışırıq, lakin əksər vaxt alınmır. Bunun daha çox mentalitetlə bağlı olduğunu düşünürəm. Lakin istisnalar da var. Araz Abdullayev “Anortosis”də çox uğurlu mövsüm keçirdi.
 
– “Panionios”da isə onu 3 gün saxlaya bilmədiz…
– Niyə mən? Araz ora öz xətti ilə getmişdi. AFFA Ramil Şeydayevə də, Abdullayevə də klub tapmışdı, amma hər ikisi öz variantlarını seçdilər, “Mattersburq”u istəmədilər.
 
– Avstriya klubu ilə münasibətləri siz düzəltmişdiz?
– Hardasa rolum olmuşdu.
 
– Görürsüz, prezident ola-ola yenə vasitəçilik edirsiz.
– Axı, bu işdən qazanc güdmürəm. Bəli, əlaqələrim var və azərbaycanlı futbolçuların xaricə getməsi üçün yenə kömək göstərəcəm, buna sevinəcəm, gizlətməyəcəm. Futbolumuzun, futbolçularımızın inkişafı naminə. Lakin sırf menecerliklə məşğul deyiləm.
 
– Azərbaycan futboluna fayda vermək istəyirsizsə, üstümüzə qayıdacaq hansısa futbolçuya vasitəçilik etməyin, elə Sumqayıtda istedadlı gənclərin inkişafı ilə məşğul olun, yaxşı nəsil yetişdirin. O zaman daha çox fayda vermiş olarsız. Onsuz da xaricə göndərdiyiniz indiki futbolçular ümidi doğrultmayacaq.
– Sumqayıtda həmişə istedadlar yetişib, olub. Yenə də davam edəcək. Biz də şəraiti yaxşılaşdırırıq ki, müsbət nəticələr görək.
 
– Biz yalançı transferlər istəmirik. Vəli Qasımov, Nazim Süleymanov kimi ölkə xaricinə gedib, özünü sübut edəcək futbolçularımızın yetişməsini istəyirik. Və sizin də işlədiyiniz AFFA son 10 ildə məhz bunu etməli, futbolçu yetişməsinə nail olmalı idi.
– Problemin səbəbi başqa yerdədi. Mentalitetlə bağlı problem var.
 
– Məncə, elə deyil. Aleksandr Səmədov da azərbaycanlıdı, amma özünü sübut edir. Deməli, problem bizim uşaq futboluna münasibətimizdə, yaxşı nəsil yetişdirə bilməməyimizdə, savadsız məşqçilərə güvənməyimizdədi. Bünövrə düzgün qoyulsa, onların doğru inkişafı təmin olunsa, istedadlarımız çoxdu və hamısı Vəli, Nazim kimi xaricdə möhkəmlənə bilər. Sovet məktəbinin yetirməsi olan daha neçə futbolçumuz Rusiya klublarında oynayıb. İndi isə heç kim yoxdu, çünki düzgün yetişdirə bilmirik, sağlam mühit yoxdu.
– Razıyam. Sumqayıtda da bunun üçün çalışırıq ki, gənclərin yetişməsi üçün sağlam mühit quraq.
 
– Neçə yaşından AFFA-da işləyirsiz?
– 2012-dən, 25 yaşından.
 
– Baş katib Elxan Məmmədovun inkişafınızda rolu çox olub?
– Bəli. Həm də onun sayəsində AFFA sayılıb-seçilən təşkilatlardan birinə çevrilib. İndi gənclər bura düşmək üçün çalışırlar.
 
– Məncə, AFFA-ya yığışmaq lazım deyil, stadionlara, meydançalara yayılmaq lazımdı. İş görmək üçün binada oturmaq vacib deyil. İş meydanardadı.
– Əlbəttə, bu, sizin fikrinizdi. Amma istənilən halda bir olmalıyıq, bir-birimizə kömək etməliyik.
 
– “Sumqayıt”ın oyunlarında kimə azarkeşlik edirsiz: rəhbəri olduğunuz kluba, yoxsa rəqiblərin heyətindəki müştərilərinizə?
– Elələri yoxdu axı. Başqa klublarda hansısa bağlılığım olan futbolçu yoxdu, olmayıb, olmayacaq da.
 
– Sahibi olduğunuz “3R Sport Management” şirkətinin müştərisi olduğu xeyli futbolçu müxtəlif klublardadı.
– O şirkətin mənə dəxli yoxdu. Araşdıra bilərsiz.
 
– Təbii ki, indi ora başqa rəhbər qoymusuz, bağlarınızı hardasa qoparmısız. Lakin şirkətin sizə bağlı olduğu sirr deyil. Etiraf etmək lazımdı.
– Olan şeyi etiraf etmək lazımdı. O şirkətin açılmasında rolum olub, mənim ideyamdı. Amma o şirkətin açılmasında məndən çox payı olan insanlar var.
 
– Amma şirkətin adı sizə bağlıdı: 3R – Rəfiyev Riad Rasim oğlu…
– O şirkətin adının açıqlaması başqadı: Respectability Responsibility Reliability.
 
– Deməli, 2 variant fikirləşmisiz.
– Heç bir variant yoxdu, həqiqət belədi.
 
– Sizə hansısa bağlılığı yoxdusa, niyə hüquqi ünvanı bacınızın ofisi ilə eynidi?
– Gizlətmirəm. Ola bilər. Çünki məndən xahiş ediblər, bu şirkətin açılmasında rolum olub.
 
– Namiq Ələskərovu “Jilina”ya niyə göndərə bilmədiz?
– “Neftçi”nin ovaxtkı rəhbərliyi icazə vermədi. Məncə, o, Slovakiyada möhkəmlənə bilərdi.
 
– Hansı menecerlər “Sumqayıt”a futbolçu təklif edə bilər?
– Hamısı. Təklif ediblər də.
 
– Sizin vaxtınızda “Sumqayıt”da dağıstanlıların sayı azalıb. Bu xətt inkişaf edəcək?
– Klubun siyasəti belədi ki, bizdə Azərbaycan əsilli futbolçular çıxış edə bilər. Strategiyani elə qurmuşuq ki, büdcəmiz daha səviyyəli, təcrübəli yerli oyunçu almağa, legioner gətirməyə imkan vermir. Bu səbədən əsas istiqamətimiz seleksiyadı. Düzgün seçim etməyə, Azərbaycana bağlılığı olan futbolçuları gətirməyə çalışırıq. Başqa klublarla ancaq bu şəkildə rəqabət apara bilərik.
 
– Dağıstanlalardan fərqli olaraq, indi seçdiyiniz futbolçuları müsbət mənada qeyd etməliyəm. Aleksey İsayev və Əli Babayev yaxşı tapıntıdı.
– Xaricdə oynayan azərbaycanlıları tapmalı və əlimizdən gələni etməliyik ki, bizim kluba gəlsinlər. Əsas istiqamətimiz budur. Sonra da milli komandaya düşsünlər. İsayevlə Babayev də millidə oynamaq istəyir. Baş məşqçidən dəvət gözləyirlər.
 
– Atilla Yıldırımı da o məqsədlə götürmüsüz? Onun yaşı perspektivi düşünməyə imkan vermir. Həm də məncə, özünü göstərə bilmir.
– Yox. Atilla əslən azərbaycanlıdı, Qarsdan. Özünü sübut etməyə gəlincə, gəlin, tələsməyək. Hələlik qol vurmayıb. Belə bir futbolçu varsa, niyə ondan istifadə etməyək? Həm ölkədə hücumçu qıtlığıdı, həm də o, daha ucuz başa gəlirsə, imtina etməyin yeri yoxdu.
 
– 6 il AFFA-da işləmisiz. Bu illər ərzində yetişdirmək lazım idi.
– Təkcə AFFA yetişdirməli idi?
 
– Yox, həm də “Sumqayıt” kimi klublar. Amma AFFA istiqamətverici olmalı idi. Klublara hər cür təsir etmək imkanı, təzyiq vasitəsi var. Çempionatda yaş limiti qoymaqdansa, klubların özünün 3-4 yetirməsinin oynaması barədə şərt qoyulsaydı, klublar da buna əməl etməyə, deməli, uşaq yetişdirməyə məcbur olardı.
– Bəlkə də. “Sumqayıt”da buna çalışacağıq. Düzünü deyim, hazırda çempionatda tətbiq olunan limit məsələsi ilə də şəxsən razı deyiləm.
 
– “Sumqayıt”dan sonrakı hədəfiniz nədi?
– Hələlik burda məni hər şey qane edir. Sonrasına baxarıq. Bəlkə də ölkə xaricində hansısa variant oldu.
 
– Axı, “Sumqayıt” həm də tramplindi. Futbolçular, məşqçilər, prezidentlər üçün…
– Hər insanın hədəfi olmalıdı. Nəvaxtsa xaricdə futbol sahəsində çalışsam, pis olmaz. Bugünümə şükür edənlərdənəm. Hələlik “Sumqayıt”ın uğur qazanması üçün əlimdən gələni edəcəm. İlk növbədə özümü özümə sübut etməliyəm. Kimin üçünsə hədəf çempionluq, avrokuboklara vəsiqədi, bizim üçünsə hədəflər başqadı. Biz azərbaycanlıları tapmaq, yetişdirmək, onları milli komandalara qazandırmaqla məşğuluq.
 
VÜSAL MAHMUDOV
 
blank
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-20 23:48

Hüseynovlu “Arda”dan doğma meydanda xal itkisi

blank
Digər idman növləri2024-05-20 22:57

Azərbaycan yığması Sloveniyaya yollandı

blank
Dünya futbolu2024-05-20 22:41

50 oyun həddinə çatan ən gənc futbolçu

blank
Digər idman növləri2024-05-20 22:19

Avropa çempionatının ilk günündə 2 final

blank
Dünya futbolu2024-05-20 21:30

Bundesliqanın ən yaxşı futbolçusu bəlli oldu

blank
Dünya futbolu2024-05-20 21:23

Kompani yeni çağırış gözləyir

blank
Ölkə futbolu2024-05-20 21:09

“Şahdağ Qusar”la “Dinamo” mövsümə darmadağınla yekun vurdu

blank
Dünya futbolu2024-05-20 20:51

Slot rəsmən “Liverpul”da

blank
Digər idman növləri2024-05-20 20:00

Hidayət Heydərov dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-20 19:46

Əvəzedicilər Liqasının qalibi müəyyənləşdi

blank
AÇ-20242024-05-20 19:31

38 yaşlı Modriç milliyə çağırıldı

blank
Ölkə futbolu2024-05-20 19:16

Karyerasında ilk dəfə dubla imza atdı

blank
Dünya futbolu2024-05-20 19:00

“Mançester Siti”nin qapıçısı Amerika kubokunda iştirak edə bilməyəcək

blank
Ölkə futbolu2024-05-20 18:40

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

blank
Digər idman növləri2024-05-20 18:22

AGF rəsmisi beynəlxalq seminara dəvət alıb

blank
Ölkə futbolu2024-05-20 18:06

“Sumqayıt”ın stadionunda “açıq qapı”

blank
Milli komanda2024-05-20 17:51

Millimiz yoldaşlıq turnirində iştirak edəcək

blank
Digər idman növləri2024-05-20 17:37

Azərbaycanın kata üzrə komandalarında yeni baş məşqçi

blank
Digər idman növləri2024-05-20 17:20

Azərbaycan gimnastlarından Dünya Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-20 17:05

Cokoviç Belqrad derbisində

blank
Digər idman növləri2024-05-20 17:00

“Ferrari” rəhbəri qələbə perspektivinə inanır

blank
Digər idman növləri2024-05-20 16:48

İlin ən yaxşı oyunçusu Olimpiadada iştirakından əmin deyil

blank
Digər idman növləri2024-05-20 16:31

Məşhur basketbolçu qaçarkən sərhəddə yaxalandı

blank
Dünya futbolu2024-05-20 16:30

“Bayern” italiyalılardan imtina edib

blank
Ölkə futbolu2024-05-20 16:14

“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO

blank
Dünya futbolu2024-05-20 16:00

Mukiele və Soler satılacaq

blank
Dünya futbolu2024-05-20 15:45

Foden “Mançester Siti”nin tarixinə düşdü

blank
Digər idman növləri2024-05-20 15:30

Azərbaycan yığması yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm