Ölkə futbolu
Danışan şəkillər, danışmayan Məmmədov
Ölkə turlarını bəyənmir, onun işi sərhədlərimiz xaricind…
Ölkə turlarını bəyənmir, onun işi sərhədlərimiz xaricindədi. 2 gün iş, 3 gün şəxsi maraqları, biznes fəaliyyəti üçün gəzir, dolaşır.
Elxan Məmmədov son bir ayı ancaq fotosessiyalara həsr edib. Hər pozada fotosu var, özünü işgüzar imicdə göstərir, hətta futboldankənar tədbirlərin də mərkəzindədi. Hətta qırağında olanda da təbliğatını elə qurub ki, baş rolda görsənir. AFFA-nın rəsmi saytını sosial şəbəkə hesabına çevirib. Qurumun dügər rəhbərləri ilə bağlı ildə 2-3 dəfə şəkli, xəbər görürüksə, baş katib hər həftə reklam olunur.
Olsun, Türkiyədə də iş görmək lazımdı, İsveçrədə də, İngiltərədə də. Amma hərdən Qəbələyə də baş çəkmək lazımdı. Futbol təsərrüfatının faktiki rəhbəridisə, Elxan Məmmədov bu sahənin bölgələrdəki tək dayağı olan klubun yanında olmalıdı. Problem içində olan uşaq futbolumuzun xarabalıqları içində tək çiçək kimi boy atan klub akademiyasının komandası Çempionlar Liqasında oynayırsa, baş katib orada görünməlidi.
“Qəbələ” – “Herta” matçında kim var idi? Müxtəlif yaş qrupundan olan millilərin baş məşqilərindən başqa heç kim. AFFA-dan kimsə özünə əziyyət verib bölgəyə getməmişdi. Nə Məmmədov, nə vitse-prezidentlər, nə komitə rəhbərləri. Halbuki uşaq futboluna cavabdeh olan Rauf Əliyevin orada olmaq boynunun borcu idi. Millilərin səfər oyununa getdiyi kimi. Yoxsa xarici səfərlərə getmək qazanclı, Qəbələyə yollanmaq əziyyətlidi? Ay sizi dovşan yesin…
Ümumiyyətlə, Elxan Məmmədov son vaxtlar görünür, amma danışmır. Ən problemli dövrdü, ona görə. Gözləyir narazılar, məsuliyyət daşıyanlar bir-birini qırsın və sonda o, müharibə meydanına qalib kimi daxil olsun. Vaxt qazanır, seyr edir, varlığını fotosessiyalarla göstərir.
Ancaq Məmmədov bu həftə futbolla bağlı önəmli bir tədbirdə mütləq görünməliydi. Milli komandaların ofisinin açılışında baş katib yox idi. Millinin baş məşqçisi Qurban Qurbanov köməkçiləri ilə məşvərətə onu buraxmamışdı. Bəlkə də münasibətlər elə səviyyədədi ki, katib özü də bu təşəbbüsdə olmamışdı.
Həftə içində 2 vacib tədbir olub və Məmmədov birbaşa işi omasına baxmayaraq, heç birində görünməyib. Ona xarici səfərlər, şəxsi təbliğatı lazımdı. İzləyirik, hesabatların veriləcəyi ilsonunu gözləyirik…