Ölkə futbolu
“Zirə” texniki məğlubiyyət almayacaq
Dünən Azərbaycan çempionatının I divizionunda X tur &c…
Dünən Azərbaycan çempionatının I divizionunda X tur çərçivəsində baş tutan "Turan Tovuz" – "Zirə-2" oyununda (2:3) lisenziyası olmayan futbolçuların oynaması barədə xəbər yayıldı. Belə ki, Bakı təmsilçisinin heyətində yer alan 3 futbolçunun lisenziyası olmadan meydana çıxdığı deyilirdi.
Hər 3 futbolçunin meydana start heyətində çıxması isə müəmmalı idi. Çünki “Zirə” rəhbərliyi, məşqçiləri o qədər axmaq deyil ki, birdən-birə 3 futbolçunu lisenziyasız oyuna buraxsın, həm də bunu matçın ilk dəqiqələrindən etsin.
Məsələni həm klubla, həm də Peşəkar Futbol Liqası ilə dəqiqləşdirdik. Məlum oldu ki, sadəcə, həmin vaxt oyunçuların lisenziyası oyuna yubanıb. Klub sənədləri vaxtında çatdıra bilməyəcəyini anladığından matçdan öncə PFL-lə əlaqə saxlayıb, qurum rəsmiləri də adı elektron sistemdə olan, əvvəlki oyunlarda da çıxış etmiş futbolçuların oynamasında heç bir problem görmədiyini bildirib. Səbəb üzrlü sayıldığından onlar start heyətində meydana buraxılıb.
Təbii ki, məsələdə “Zirə”nin səhlənkarlığı var. Lisenziya sənədləri vaxtında çatdırılmalıydı. Lakin bu, qayda pozuntusu deyil, buna görə kluba uzaqbaşı kiçik cərimə kəsilə bilər. Oyunun nəticəsinin ləğv edilməsi, texniki məğlubiyyət verilməsi isə mümkünsüzdü. Oyunçuların sənədlərinin yubanması sırf səhlənkarlıqla bağlıdı. Əsas komandaya səlb olunan bu futbolçuların lisenziyası elə əsas komanda futbolçularınınkı ilə birgə saxlanılırmış. Onlar diviziona göndərildikdə isə belə yanlışlıq baş verib. Oyunçular ötən turlarda oynadığından, üstəlik, adları elektron sistemdə qeydiyyatda olduğundan lisenziya kağızı formal bir şeydi. Bəlkə də onun ləğvi çoxdan aktuallaşıb.