Dünya futbolu
Dırnaqarası Ponomaryov
İqor Ponomaryov təcili şəkidə olimpiya çempionu titulundan…
İqor Ponomaryov təcili şəkidə olimpiya çempionu titulundan məhrum edilməli, ona dövlət tərəfindən verilən adlar əlindən alınmalıdı. Çünki AFFA-nı tənqid edib, qurum rəhbərliyinin ifşası ilə məşğul olub, görülən “məqsədyönlü” işlərə kölgə salıb.
Veteran futbolçu deyib: "Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. "Mançester Yunayted" məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədi? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi. İndi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə "Qarabağ", "Səbail", "Neftçi" ilə oynamalısan".
“Sabah”ın Müşahidə Şurasının üzvü olan Ponomaryov ötən günlərdə bu klubda müvəqqəti baş məşqçi missiyasını başa vurdu. O, futbolçularla daha yaxından tanış olandan sonra bu fikrə gəlib. Daha doğrusu, problemləri əyani görüb, bu potensialla xoş gələcəyə ümid etməyin mənasız olduğunu özü üçün aydınlaşdırıb.
Doğrusu, Ponomaryovu heç vaxt yaxşı məşqçi saymamışam, onun keçmişiylə bağlı da yaxşı təəssüratım yoxdu – İsveçə necə qaçdığı indiyədək yadımdadı. Lakin hətta buna rəğmən, İqor olanı deyir. AFFA İcraiyyə Komitəsində illərdi əyləşən, deməli, futbolumuzun acınacaqlı durumda olmasına səbəbkarlardan sayılan Vaqif Sadıqov, Kazbek Tuayev, İsgəndər Cavadov kimi susmur. Bəlkə də bu gün İK-da onun əyləşməsi daha faydalı olardı, nəinki yalnız əl çalmaqla zaman keçirən adını çəkdiklərimiz.
Ponomaryovun “Mançester Yunayted” məktəbini xüsusi vurğulaması da diqqətçəkəndi. Baş katib Elxan Məmmədovun birbaşa təşəbbüskarı olduğu bu məktəb ötən il fəaliyyətini dayandırdı. Milyonlarla manat havaya sovruldu, lakin ortaya düz-əməlli bir futbolçu belə üzə çıxmadı. Və Ponomaryovun mətbuatın illərlə dediyini dilə gətirməsi artıq onun da həqiqətlərə susmaması deməkdi.
Bəlkə də olimpiya çempionu məqsədli danışır. Onu bugünədək Elxan Məmədovun da hamisi olan AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun dostu kimi tanımışıq. Lakin dəstə içində bir nəfər digərini “vurursa”, deməli, daxildə də hər şeyin bərbad olduğunu görənlər, yanlış siyasətlə razılaşmayanlar var. Bəlkə də Ponomaryov indi yer aldığı başqa bir qrupun sözünü deyir.
Əsas olan onun həqiqətləri dilə gətirməsidi. Ponomaryov veterandı, yüksək dairələrdə sözü qəbul edilən biridi. O, azarkeş deyil, jurnalist deyil, acınacaqlı durumu dilə gətirirsə, narahatdı və nələrinsə dəyişməsi üçün bu açıqlama da kifayət etməlidi. Bəlkə məşqçi, idarəçi kimi nəyisə düzəltmək iqtidarında deyil, lakin ən azı yol göstərir, kimlərinsə nələrisə dəyişməsini tələb edir. Onun sözləri narazı kütlənin, dəstənin ümumi fikirlərinin daha nüfuzlu birinin dilindən çıxmasıdı.
İndi növbə Elxan Məmmədovundu. Milli komandanı tənqid edənləri dırnaqarası jurnalistlər, mütəxəssislər sayan, bunu canlı efirdə bəyan edən baş katib yəqin Ponomaryov haqda da belə düşünəcək. Axı, o da tənqid edib, deməli…
CAVAD
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi