Misli Premyer Liqasında qalmaq uğrunda mübarizə çempionluq yarışından daha gərgin xarakter aldı. Bu gün qeydə alınan nəticələrdən sonra autsayderlər qrupunda vəziyyət kəskinləşdi.

Dünən etdiyi heç-heçə sayəsində iki pillə irəliləyən “Səbail”, məhz həmin komandalarınn qələbə qazanmasıyla yenidən hamıya aşağıdan yuxarı baxır. Bu səbəbdən növbəti turda Bayılda baş tutacaq “Sumqayıt”la oyun “dənizçilər” üçün həyati əhəmiyyət daşıyacaq.

Bu gün qələbə qazanan “Kəpəz” Gəncədə baş məşqçiyə oyun quranların qanını qaraltdı. Tərlan Əhmədovun qarşısına 2 oyunda 4 xal qazanmaq tapşırığı qoyulmuşdu, o isə əsas rəqiblərindən ikisini ardıcıl oyunlarda məğlub etməklə bacarığını göstərdi. İnsaf naminə, təcrübəli mütəxəssis yaxşı, oynayan komanda yarada bilib. Qalmaqallardan yan qaça bilsə, hər şey onun üçün daha uğurlu olacaq.

“Syumqayıt”la matçda ilk hissədə işi həll edən “Kəpəz” fasilədən sonra nəticəni qorumağa çalışdı və istəyinə çatdı. Bu mövsümdən legionerlərlə güclənən “kimyaçılar”sa ən pis mövsümünü keçirir. Məşqçi dəyişikliyi, qışda heyətin başdan ayağa yenilənməsi heç nəyi dəyişməyib. Komanda sumqayıtlı azarkeşlərin gözü önündə I Diviziona yolçuluğa hazırlaşır.

Təbii ki, elitanı tərk edəcək komandanın kim olacağını demək çətindir. Hamı mübarizə aparır, vəziyyətini düzəltməyə çalışır. Çox adamın ümidini üzdüyü “Şamaxı” da turu sensasiya ilə başa vurub sonadək döyüşəcəyini göstərdi.

“Sabah”dan səfərdə xal almağ bacaran bölgə təmsilçisi çempionluğa iddilı komanda qarşısında iki dəfə hesabda önə çıxa bildisə, futbolçuların əzmkarlığını yalnız alqışlamaq lazımdır. Qələbəyə onu daha çox istəyən nail oldu.

“Sabah”da belə uğursuz seriyalar olur, komanda yenə ardıcıl 3 oyundur qələbə qazana bilmir. Ötən tur “Turan Tovuz”a yenilən bakılıların xüsusilə autsayderlərə boyun əyməsi düşündürücü məqamdır. Murad Musayev ya yetirmələrini bu matçlara kökləyə bilmir, ya da qapanan rəqiblərlə görüşlər üçün B planı yoxdur. Hər halda bu gün də “Sabah” eyni futbolu oynamağa davam etdi, rəqibi təəccübləndirəcək nələrsə etmədi. Matçın taleyini həll edən usta oyunçular zərərsizləşdirilən kimi xal itkisi reallaşdı.

Bu matçdan sonra “Qarabağ”ın çempionluq yolu daha da rahatlaşdı. “Sabah”  hətta 2-ci pilləni də “Neftçi”yə güzəştə getsə, təəccüblənməməliyik.

Zirvədə çox şey aydındır, autsayderlər qrupunda isə hər tur vəziyyət dəyişir. Hazırda 7 və 10-cu yerlərdəki komandalar arasında cəmi 3 xallıq fərq var. Deməli, gərgin mübarizə davam edəcək. AFFA rəhbərliyi söz verdiyi kimi, son pilləni titan Premyer Liqanı tərk edəcəksə, həmin komandanı təxmin etmək çox çətndir.

FƏRİD

Shares: