“Xankəndi” Azərbaycan I Liqasına vəsiqə qazandıqdan sonra ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər. Bu barədə klubun meneceri Rəşad Babayev futboinfo.azsaytının sorğusuna cavab olaraq bildirib.
Hazırda II Liqada çempionluğa əsas namizəd olan komandanın rəsmisi qeyd edib ki, stadionla bağlı gözləmə mövqeyindədirlər: “Biz stadionla bağlı ötən yay Gənclər və İdman Nazirliyinə rəsmi məktub göndərmişdik. Bizi həmin vaxt dəvət etdilər, nazirlikdə bu barədə söhbət etdik. Bildirildi ki, Xankəndi şəhər stadionunda əsaslı təmirə başlanılıb, başa çatdıqdan sonra bu məsələyə baxıla bilər. Bir neçə dəfə nazir Fərid Qayıbovun mətbuata bu barədə açıqlamaları ilə tanış olmuşuq. Orada da cənab nazir bildirir ki, Xankəndi şəhər stadionu əsaslı təmirdən sonra yerli klubların istifadəsinə veriləcək. Yəni biz də bunu əsas götürərək düşünürük ki, “Xankəndi” futbol klubu olaraq I Liqaya vəsiqə qazanacağımız təqdirdə ev oyunlarımızı Xankəndi şəhər stadionunda keçirə bilərik. Amma hələ ki, ortada heç bir razılaşma yoxdur. Çünki stadionun təmir prosesi uzanıb. Yanvarda açılmalı idi, indi isə mayın sonlarına açılacağına dair xəbərlər alırıq”.
Babayev əlavə edib: “Bundan sonra biz Gənclər və İdman Nazirliyi ilə bu məsələni oturub müzakirə edəcəyik. Hər hansı formada stadionun istifadəsi ilə bağlı razılaşma əldə etməliyik. Yalnız bundan sonra qəti şəkildə deyə bilərik ki, “Xankəndi” I Liqada ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə biləcək. Amma bu barədə danışmaq hələ tezdir, çünki yenidənqurma işləri yekunlaşmayıb”.
Babayev bildirib ki, əgər təmir-tikinti işləri yayda bitməsə, klub müvəqqəti stadion tapmalı olacaq: “Əgər ehtimal olaraq Xankəndi şəhər stadionunda təmir-tikinti işləri uzansa və I Liqada bu stadiondan istifadə imkanı olmasa, klubumuz alternativ stadionlara baxacaq”.





