“Qarabağ”ın sabiq kapitanı Riçard Almeyda Azərbaycanda keçirdiyi günləri xatırlayıb.

Futbolinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində ölkəmizdə möhtəşəm illər keçirdiyini deyib.

O, “Qarabağ”a uzun illər töhfə verdiyini vurğulayıb: “Qarabağ”da fasilələrlə 14 il çıxış etdim, bunun 10 il yarımında əsas heyətin üzvü oldum. Qalan 3 ildə isə gah əsas heyətdə, gah da ehtiyatda oldum. Ancaq hər zaman baş məşqçinin etimadını qazandım. Klubda həm meydanda, həm də ondan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, paltardəyişmə otağında komanda yoldaşlarımı dəstəkləyərək töhfə vermişəm”.

Almeyda 2017-18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsində yaşadıqları macəranı da xatırlayıb: “Çempionlar Liqasının qrupunda oynamaq, “Çelsi”, “Roma”, “Atletiko” kimi nəhənglərlə səfərdə qarşılaşmaq möhtəşəmdir, əməyinin bəhrəsidir. Gənc yaşlarımda Çempionlar Liqasına baxıb atama bu turnirdə oynamaq arzumdan danışdığımı xatırlayıram. Allaha şükür ki, buna nail oldum. Qrup mərhələsinə bir dəfə düşdük, amma bundan əvvəl təxminən altı dəfə pley-off mərhələsində çıxış etdik, buna yaxın olduq”.

Qeyd edək ki, Riçard Almeyda bu günlərdə Braziliyanın D Seriyasında çıxış edən “XV de Piraçiçaba” klubuna keçib.

Shares: