“Qarabağ” və “Sabah” ölkəmizi Avropa arenasında layiqincə təmsil edəcək ən uyğun namizədlərdir. Bu baxımdan hər iki komandadan gözləntilər böyükdür. Amma kubok elə bir turnirdir ki, burada istənilən nəticəni sürpriz kimi qiymətləndirə bilərik. Ona görə bugünkü oyun çox gərgin keçəcək”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.
Mütəxəssis bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinalında “Sabah” və “Qarabağ”ın şanslarını belə dəyərləndirib: “Bu oyunu final kimi qiymətləndirmək olar. Baxmayaraq ki, yarımfinal mərhələsidir və iki oyundan ibarətdir. Lakin ilk qarşılaşma heç-heçə (2:2) ilə başa çatdığı üçün cavab matçı faktiki olaraq final xarakteri daşıyır. Komandaların durumuna baxsaq, “Sabah” Premyer Liqada çempionluq məsələsini böyük ölçüdə həll edib. Bu səbəbdən “qızıl dubl” etmək istəyəcək. Təbii, belə fürsət hər zaman ələ düşmür. “Qarabağ” isə çempionluq şansını demək olar itirib və diqqətini kuboka yönəldib. Buna görə də Ağdam təmsilçisi bu oyuna daha ciddi yanaşacaq ki, heç olmasa mövsümü titulla başa vursun.
Hər hansı nəticəni proqnozlaşdırmaq çox çətindir. Amma çempionat oyunlarında “Sabah”ın “Qarabağ” üzərində nəticə baxımından müəyyən üstünlüyü var. Bu, öz təsirini bu gün də göstərə bilər. Hər bir halda hər iki komandanın finala adlamaq şansı böyükdür. Güclü olan qalib gəlsin”.





