“Oyunun çətin keçəcəyini əvvəlcədən proqnozlaşdırırdıq. “Turan Tovuz” güclü rəqibdir, lakin biz də öz gücümüzə inanırdıq. Qarşılaşma əsasən orta zonada mübarizə şəklində keçdi. Son 20-25 dəqiqədə rəqib daha fəal hücumlar qurmağa başladı, biz isə əks-hücumlarda imkanlar əldə etdik. Son ötürmələrdə daha dəqiq davransaydıq, qalib gəlmək şansımız da var idi”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Eren Aydın səsləndirib.
23 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Turan Tovuz”la qeydə alınan qolsuz bərabərliyi belə şərh edib: “İlk oyunda əldə etdiyimiz üstünlük bizim üçün önəmli idi və cavab görüşündə əsas məqsəd qol buraxmamaq idi. Hesabı aça bilsəydik, rəqib üçün vəziyyət daha da çətinləşəcəkdi. Buna baxmayaraq, qapımızda qol epizodu yaşandı. Həmin anda topun rəqib oyunçunun əlinə dəydiyini gördüyüm üçün qolun qeydə alınmayacağını düşünürdüm. VAR yoxlanışından sonra hakim düzgün qərar verdi və qol ləğv olundu”.
Eren Aydın finala yüksəlmələri ilə bağlı da fikirlərini bölüşüb: “Finala yüksəlmək bizim üçün çox sevindirici və əhəmiyyətli nailiyyətdir. Əvvəlcə iki sarı vərəqə səbəbindən cəzalı olacağımı düşünürdüm. Lakin sonradan məlum oldu ki, final mərhələsi öncəsi vərəqələr silinir. Bu xəbər məni ayrıca sevindirdi. Finalda rəqibin kim olmasının xüsusi fərqi yoxdur. Həm “Qarabağ”, həm də “Sabah” güclü komandadır. “Sabah” hazırda çempionatda uğurlu çıxış edir və liderdir, “Qarabağ” isə belə oyunlarda böyük təcrübəyə malikdir. Hər iki halda bizi çətin qarşılaşma gözləyir”.
Eren növbəti turda yenidən “Turan Tovuz”a qarşı keçirəcəkləri çempionat oyunu barədə də danışıb: “Kubok oyunundan fərqli olaraq, bu dəfə hər hansı üstünlüyümüz olmayacaq. Çempionatda əsas məqsədimiz dördüncü pilləni qorumaqdır. Bu mövqeyi saxlaya bilsək, avrokuboklara vəsiqə şansımız yüksək olacaq. “Neftçi” bizi yaxından təqib edir və bu tur “Qarabağ”la qarşılaşacaq. Səfərdə qazanacağımız hər xal bizim üçün böyük əhəmiyyət daşıyır”.
GÜNAY SÜLEYMANOVA






