Bu gün Azərbaycan Kubokunda son finalçı müəyyənləşəcək.
Misli Premyer Liqasında çempionluq uğrunda mübarizə aparan “Sabah”la “Qarabağ” yarımfinal mərhələsinin cavab oyununda üz-üzə gələcəklər.
Futbolinfo.az xəbər verir ki, getdikcə əsas rəqiblərə çevrilən komandaların yolu ardıcıl 3-cü dəfə kəsişib. Bu, “Sabah”la “Qarabağ”ın ölkə kubokunda ümumilikdə 5-ci dueli olacaq. Daha əvvəl final və 1/4 finalda qarşılaşan komandalar bu dəfə yarımfinalda münasibətlərinə aydınlıq gətirirlər.
2023-24 mövsümünün 1/4 final mərhələsi “Qarabağ” üçün rahat keçib. İlk matçda 7:1 hesablı qələbə qazanan ağdamlılar cütün taleyini həll etmişdilər. “Sabah”ın cavab oyunundakı 4:3 hesablı qalibiyyəti heç bir rol oynamamışdı.
Ancaq bakılılar bunun revanşını ötən mövsüm finalda alıb. Əsas vaxtı bərabərə bitən görüşün əlavə vaxtında 3:2 hesablı üstünlüyə yiyələnən “Sabah” Azərbaycan Kubokunu qazanıb.
Aprelin 3-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan ilk matçda 2:2 hesabı qeydə alınıb. Bir sözlə, bugünkü oyunda komandalar hər şeyə sıfırdan başlayacaqlar. Maraqlı məqam komandaların kubok çərçivəsində əvvəlki 4 duelinin hamısında hər iki tərəfin qol vurmasıdır. Bu, final öncəsi azarkeşlərə maraqlı və bol qollu mübarizə vəd edir.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq. Cütün qalibi finalda “Zirə”yə rəqib olacaq.






