“Artıq bizim üçün kubok bitdi. Bugündən tam olaraq çempionata diqqətimizi ayıracağıq”.

Bu sözləri futbolimfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Faiq Hacıyev deyib.

27 yaşlı müdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Zirə”yə uduzaraq (ilk oyun – 0:2, cavab görüşü – 0:0) turnirdə mübarizəni dayandırmaları barədə danışıb:

“Dünənki oyuna yaxşı hazırlaşmışdıq. İlk dəqiqələrdən qol vurub daha rahat oyun keçirmək istəyirdik. “Zirə” komandası yaxşı müdafiə olundu, qol vurmağımıza mane oldular. İlk oyuna nisbətən bu matça 2 top geridən başlayırdıq, bu da bizi daha çox təzyiq altında saxlayırdı. Əlimizdən gələni etdik, amma “Zirə”nin yaxşı müdafiə olunması buna imkan vermədi”.

Hacıyev Misli Premyer Liqasının XXIX turunda doğma meydanda “Zirə”yə qarşı keçiriləcək oyuna hazırlıqlardan da söz açıb:

“Çox önəmli qarşılaşma olacaq. Rəqibin gücü məlumdur. Həmçinin avrokuboklar uğrunda əsas rəqiblərimizdən birinə qarşı oynayacağımız üçün daha diqqətli olmalıyıq. Qalan bütün oyunlarda qələbə qazanıb turnir cədvəlindəki mövqeyimizi qorumağa çalışacağıq”.

Qeyd edək ki, “Turan Tovuz” – “Zirə” qarşılaşması aprelin 27-də saat 18:00-da Tovuz şəhər stadionunda baş tutacaq. Kurban Berdıyevin komandası hazırda 55 xalla turnir cədvəlinin 3-cü, Rəşad Sadıqovun kollektivi isə 45 xalla 4-cü pillədə yer alır.

Shares: