Bu gün gözəl futboldan danışmalıydıq… Elxan Məmmədovun dəstəsinin Abşeron birinciliyinə çevirdiyi çempionat üzündən qaçaq saldığı azarkeşlərin yenidən tribunaları doldurmağa başlamasından yazmalıydıq… Ölkədə “Qarabağ”a meydan oxuyan daha bir güclü komandanın meydana çıxmasından bəhs etməliydik…

Hakimlər hamının zövq aldığı, içində hər şeyin olduğu gözəl futbol tamaşasını məhv etdi. Son dəqiqədə o penaltini təyin edirsən, azarkeşlər daha yarım saat əla oyuna şahidlik edir, yekunda finala layiq olan ora vəsiqə qazanır. Amma əsas referi Rəvan Həmzəzadə və VAR-da əyləşən Kamranbəy Rəhimov bir çuval ənciri bərbad etdi.

Hakimlərin qərarlarında qərəz axtarmağa lüzum görmürəm. “Sabah”a kömək etmək istəyən onun iki mərkəz müdafiəçisini hələ 11-ci dəqiqədə – eyni anda sarı vərəqəylə cəzalandırmazdı; əlavə olunmuş dəqiqələr bitdikdən sonra matçı davam etdirməzdi. Sadəcə, Elxan Məmmədovun Azərbaycan futboluna caladığı Frits Stuxlikin vaxtında formalaşan hakimlər qrupunun səviyyəsi budur – öncə bacarıqsızlar və idarəolunanlar qrupu yaradılıb, indi isə onlardan stifadə olunur. Hakimlik təkcə fit çalmaq, oyun qaydalarını hərfi ilə tətbiq etmək deyil, Həmzəzadə bu matça hazır deyildi, bu səviyyədə oyunun ruhunu hiss etməyi bacarmadı. Oyunçularla ünsiyyəti faciəvi idi, qərarlarını normal jestlərlə izah edə bilmir, sanki qalmaqala rəvac verirdi.

Son dəqiqələrdəki penalti epizodu mübahisəlidir – oxşar vəzyyətlər olub və hər birində fərqli qərarlar görmüşük. Amma dünən 11 metrlik nöqtənin göstərilməsi lazım idi, əl təbii vəziyyətdə deyildi, qapıya zərbənin qarşısı alınmışdı. Ən əsası, erkən finalın ruhuna uyğun olaraq heç kim penalti təyin edilməsindən narazı qalmayacaqdı.

Rəvan o qədər bərbad qərar verdi ki, “Qarabağ”ın oyunçuları hövsələdən çıxdı, AFFA tənqid hədəfi oldu, müxtəlif söz-söhbətlərə şərait yarandı. Hətta “Sabah” da da ölkə kubokunda finala çıxmağın sevincini yaşaya bilmədi, çünki onlar da matçın belə bitməsini istəmirdi.

Azərbaycan hakimliyi ən pis günlərini yaşayır. Stuxlikin vaxtında formalaşan komitə bacarıqsızlarla və işbazlarla doludur. Rəhim Həsənov böhran vəziyyətini idarə etməkdə acizdir, videoşərhlərdən başqa heç nəyi bacarmır. Qərəzli deyil, bacarıqsızdır, onun təyinatından sonra nəticəyə təsir edən səhvlərin sayı 2-3 mövsümə sığacaq qədərdir.

AFFA-dan qovulan sabiqlərin bu gün üçün əsas hədəfi indiki rəhbərliyinin nüfuzunu sarsıtmaqdır. Və elə toxumlar səpiblər ki, indi onlar zəhərli meyvələr verir, Həmzəzadələrin səriştəsizliyi ilə özünü göstərir. Məqsəd böyük klubları bir-birinə qarşı qoymaq, xaos yaratmaqdır.

Ehtram Quliyev tələyə düşdü, artıq-əskik ifadələr işlətdi, amma Qurban Qurbanovun dünənki matçdan sonra dedikləri elə ona yaraşan səviyyədə idi. Təcrübəli məşqçi məkrli planlardan xəbərdardır, həm səhvi vurğuladı, həm də xaosa rəvac vermədi.

Mövsümü bəlasız başa vurmaq böyük uğur olacaq. Hər tur hansısa hakimlər cəzalanır, oyunlar gənc referilərin ümidinə qalıb. Təcrübəlilərin əksəri sabiqlərin qurduğu tələ şəbəkəsində bataqlığa düşübsə, cavanların təcrübəsi yetmir. Hələ qarşıda avrokuboka sonuncu vəsiqə uğrunda “Neftçi” ilə “Zirə” arasında gərgin mübarizə var. Bu komandaların taleyi hansısa hakimin səhvi üzündən müəyyənləşsə, o zaman daha böyük qalmaqallar olacaq.

Yarımfinalın cavab görüşləri çərçivəsində dünən baş tutan oyun avrokubokların qrup mərhələsi səviyyəsində bir matç idi. Rəvan bu səviyyənin altında qaldığı üçün dünənki səhvlər reallaşdı. AFFA Hakimlər Komitəsi mütləq müvafiq addımlar atmalı, vəziyyəti düzəltməlidir. Yoxsa xotik vəziyyət yaranacaq və bu, imicə ciddi zərbə olacaq.

Hələliksə, ardıcıl ikinci dəfə final oynayacaq “Sabah”la 3-cü dəfə həlledici qarşılaşmaya cıxan “Zirə”nin qarşı-qarşıya gələcəyi dəqiqdir. Bu matç təkcə ölkə kubokunu kimin qazanmasını yox, həm də ölkəmizi Avropa Liqasında kimin təmsil edəcəyin müəyyənləşdrəcək.

FƏRİD

Shares: