“Matçın əvvəlində oyun açıq gedirdi. Lakin qırmızı vərəqədən sonra vəziyyət dəyişdi. Təbii ki, bir futbolçu azlıqda qaldığımız üçün “Sabah” həmin anda üstünlüyü ələ aldı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç deyib.
29 yaşlı qolkiper oyunu Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a məğlubiyyəti belə dəyərləndirib:
“Düşünürəm ki, ümumilikdə yaxşı mübarizə apardıq. İkinci hissədə bir nəfər az olmağımıza baxmayaraq hesabda önə keçdik və müdafiədə də pis çıxış etmədik. İlk buraxdığımız qol isə sadəcə bəxtsizlik idi — belə epizodları tam izah etmək olmur, həmin anda bir az şanssızlıq yaşadıq. Oyunun sonlarında baş verənlər və penalti epizoduna gəlincə, hamı hər şeyi gördü, ona görə bu barədə əlavə nəsə deməyə ehtiyac görmürəm”.
Qırmızı vərəqədən sonra meydana daxil olan xorvatiyalı qapıçı bu barədə də fikirlərini bölüşüb:
“Qapıçı üçün oyuna belə anda daxil olmaq həmişə bir qədər gözlənilməz olur, amma bu, futbolun bir hissəsidir. Belə vəziyyətlərin nə vaxt baş verəcəyini heç vaxt bilmirsən — bəlkə heç, bəlkə də bir gün. Əsas olan hər zaman hazır olmaqdır”.
GÜNAY SÜLEYMANOVA




