Dünən “Çelsi” nəhayət ki, Liam Rosenyoru istefaya göndərdi. Yanvar ayında Enzo Mareskanın istefasından sonra müvəqqəti baş məşqçi olan Kalum Makfarleyn mövsümün sonuna qədər komandanı çalışdıracaq. Klub isə daimi məşqçi axtarışındadır.
Hal-hazırda məşqçi bazarında xeyli namizəd var. Biz sizə bukmekerlərin boş qalmış vəzifəyə namizədlər üçün verdikləri əmsalları təqdim edirik.
● Andoni İraola (33%). Qışda bir neçə nəşr onu Mareskanın yerinə real namizəd kimi göstərmişdi. BBC-nin xəbərinə görə, “Çelsi” ispaniyalı mütəxəssisin namizədliyinə yenidən qayıdıb. Bu, İraolanın öz planları ilə də uyğun gəlir – o, artıq mövsümün sonunda “Bornmut”dan ayrılacağını açıqlayıb. 43 yaşlı məşqçi iki dəfə İspaniya futbolunun autsayderlərini Kral Kubokunun yarımfinalına çıxarıb. Bu hadisələr 2020-ci ildə “Mirandes” və 2022-ci ildə “Rayo Valyekano” ilə baş verib. O, “Bornmut”da yüksək səviyyəli, təzyiqli bir komanda yaradıb ki, bu da hətta Pep Qvardiolanı da heyran salıb. Sözsüz ki, belə bir məşqçiyə böyük tələbat var.
● Sesk Fabreqas (14%). İspaniyalının klubun əfsanəsi statusunda olması onun bu cür siyahılarda daim yer almasını təmin edir. Onun “Komo” komandası müasir və cəsarətli futbol oynayaraq A Seriyasının ilk beşliyindədir. Buna baxmayaraq Seskin yüksək səviyyədə təcrübəsi çox deyil
● Felipe Luis (12.5%). 40 yaşlı braziliyalı iki ildə “Flamenqo” ilə Braziliya Çempionatı və Libertadores Kuboku da daxil olmaqla beş kubok qazanıb. Hazırda o, sərbəstdir və Avropaya diqqət yetirir. Məlumata görə, Luisin məhz “Çelsi” ilə danışıqları onun “Flamenqo”dan ayrılmasının səbəbi olub.
● Marko Silva (12.5%) 2023-cü ildə Qrem Potterin əvəzedicisi kimi nəzərdən keçirilirdi. Portuqaliyalı mütəxəssis “Fulhem” səviyyəsini çoxdan keçib. Silvanın müqaviləsi iyul ayında bitir.
● Edin Terziç (12,5%) iki ildir işsizdir. Onun son klubu Almaniya Kubokunu qazanan və 2023/24 Çempionlar Liqasının finalına çıxan “Borussiya” Dortmund olub. BBC-nin məlumatına görə, o, Rosenyorun yerinə namizədlərin siyahısındadır.
● Oliver Qlasner (8%) bu yay “Kristal Palas”dan ayrılacaq. “Mançester Yunayted” avstriyalı mütəxəssisi gətirmək üçün favorit hesab olunurdu, lakin Maykl Kerrikin inamlı işinə görə ona maraq azalıb.
● Dieqo Simeone (8%). Bu ittifaq cəmi bir neçə gün əvvəl müzakirə olunub. “The Sun” qəzeti argentinalı mütəxəssisin mövcud xaosu nizamlamağa qadir namizəd kimi nəzərdən keçirildiyini bildirib. Lakin Simeoneni “Atletiko”dan uzaqlaşdırmaq olduqca çətin və baha başa gəlir: o bu yaxınlarda klubla müqaviləsini 2027-ci ilin iyun ayına qədər uzadıb.
● Frank Lempard (7,5%). İngilis mütəxəssis bu yaxınlarda “Koventri”ni Premyer Liqaya çıxartdı və Çempionşipdə mövsümün ən yaxşı meneceri seçildi. Lempardın adı “Çelsi”nin böhranı zamanı hər dəfə çəkilir, amma indi onun dönüşü müəmmalı görünür: Lempard, məşqçilik karyerasını təzəcə bərpa edib.





