Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Mahir Emrelinin “FIFA Series” turnirində Azərbaycan millisinə çağırılmamasının detalları bir-bir üzə çıxır.
Futbolinfo.az “Bild” nəşrinə istinadən xəbər verir ki, problem Bundesliqa II klubundan qaynaqlanıb.
Belə ki, “Kayzerslautern” tərəfi diz zədəsindən sonra oyunçunun oynayacaq durumda olmadığını bildirib. Halbuki daha öncədən klubla futbolçu arasında bəzi məsələlərdə razılıq əldə olunubmuş. Belə ki, “Kayzerslautern” istənilən halda 28 yaşlı futbolçunu milliyə buraxmalıdır.
Almanların son toplanışa Emrelini buraxmaması hətta milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da qəzəbləndirib.
Qeyd edək ki, Mahir Emreli son olaraq aprelin 4-də Bundesliqa II çərçivəsində “Fortuna” (3:0) ilə oyunda 7 dəqiqə meydanda olub.





