“Neftçi”nin müdafiəçisi Elvin Bədəlovun futbolinfo.az saytına müsahibəsi

– Bir neçə gün öncə “Qarabağ”a 1:5 uduzsanız da, bu dəfə 2:1 hesablı qələbəyə sevindiniz. Nə dəyişdi və matç barədə hissləriniz necədir?

– Hər iki oyun fərqli idi. İlk matçdakı məğlubiyyət bizə pis təsir etmişdi. Düşünürəm ki, həmin məğlubiyyətə layiq deyildik. Çünki açıq futbol oynamağı seçmişdik, həmişəki kimi öz oyunumuzu ortaya qoymağa çalışırdıq. “Qarabağ”la oyunda da öz gücümzü öz futbolumuzla sınamaq istədik. Amma göründü ki, bu futbola hazır deyilik. Ona görə ikinci matçda fərqli taktika seçdik. Bu da öz bəhrəsini verdi. Fikrimcə, layiqli qələbə qazandıq. Uşaqlara təşəkkür düşür ki, ağır məğlubiyyətdən sonra rəqibə yaxşı reaksiya verdik. Sona qədər mübarizə apardıq.

– Oyunda avtoqol müəllifi oldun. Həmin anda nə düşündün? Çünki son dəqiqələr idi, qələbə əldən gedə bilərdi. Əgər qələbə olmasaydı, avtoqol səni çox üzəcəkdi?

– Bu cür hallar hər müdafiəçinin başına gələ bilər. Avtoqola görə çox üzüldüm. Çünki qələbə olmasaydı, uşaqların əziyyəti yerdə qalacaqdı. Amma yaxşı ki, qələbə qolunu vurduq. Uda bilməsəydik, çox üzülərdim. Futbol bu cür məqamlara görə gözəldir.

– Artıq avrokubok zonasındasınız. Sizin üçün bu zonaya gəlmək çətin idi, yoxsa indi bu yeri qorumaq çətin olacaq?

– Bundan sonra bizə daha çətin olacaq. İndi 4-cü yerə qalxdıq və bunu qoruyub saxlamalıyıq. Daha diqqətli, daha məsuliyyətli olmalıyıq. Dünənki oyundan daha yaxşı çıxış etməliyik. İndi qələbə qazanmışıqsa, növbəti matçda xal itirməməliyik. Çünki xal itirsək, qələbənin əhəmiyyəti qalmayacaq. Çalışacağıq ki, qarşıdakı 4 oyunda yaxşı işlər görək.

– “Neftçi” sonuncu dəfə 2021-ci ildə “Qarabağ”a 1:0 hesabı ilə qalib gəlmişdi və çempion olmuşdu. Yuri Vernidub isə 5 illik lənətdən qurtardı sizi. O, nəyi dəyişdi?

– Düşünürəm ki, oyundan oyuna daha yaxşı oluruq. O, bura təzə gəlsə də, hər şeydən xəbəri var idi. Çox da ciddi dəyişiklər olmadı, qeyri-adi nəsə demədi. Bizə bildirdi ki, “Qarabağ”ı uda bilərik. Düzdür, taktiki toxunuşlarını qeyd etmək lazımdır. Sadəcə, motivasiya verdi, köklədi oyuna, səhvlərimiz aradan qaldırmağa çalışdı. Həmişə dediyi söz var ki, biz çempionatda istənilən rəqibə qalib gələ bilərik.

– Vernidubun gəlişindən sonrakı yüksəliş “Neftçi” azarkeşlərində növbəti mövsümdə çempionluq mübarizəsində olacağınıza dair ümid işığı yandırıb. Sizcə, bacarcaqsız?

– Bizim məqsədimiz də budur. Yavaş-yavaş çempionluq üçün addımlamaq istəyirik. Bu mövsüm avrokuboklara vəsiqə qazansaq, orda da yaxşı çıxış etsək, komandanın özəyini saxlayıb bir az da güclənsək, hər şey yaxşı olacaq.

– “Sabah” artıq Azərbaycan çempionu oldu…

– Onları təbrik edirəm. Düşünürəm ki, layiqli çempionluq qazandılar. Yaxşı komandaları var və güclü idilər.

– “Qarabağ”ı udub “Sabah”ın erkən çempion olmasını təmin etdiniz. Kubokun finalında onlardan qarşılıq gözləyirsiz? “Zirə”ni udub avrokbuoklara getməyinizə kömək edə bilərlər…

– Futboldur da, gözləyəcəyik. Bizə sərf edəcək nəticəyə azarkeşlik edəcəyik. “Sabah” kuboku götürsün ki, biz də avrokuboklara gedək. Amma final mayın 13-üdür. Ondan öncə də, sonra da liqa matçlarımız var. Əsas odur ki, biz xal itirməyək.

FƏRİD

Shares: