“Qəbələdə hava ağırdır, əlbəttə, burada oynamaq həmişə çətin olur. Lakin qələbəmizə bunun mane olduğunu deyə bilmərəm. Hər iki komanda üçün şərait eynidir. Yəqin, qismət belə imiş”.

Bunu futbolinfo.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

25 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXXI turunda səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunu belə şərh edib:

“Bizim üçün ağır səfər oldu. Oyuna yaxşı hazırlaşmışdıq, nə etməli olduğumuzu da bilirdik. Təəssüf ki, qələbə qazana bilmədik. Önümüzə baxacağıq, qarşıdakı oyuna hazırlaşacağıq”.

O, Azərbaycan Kubokunun finalında “Sabah”ın qələbə qazanacağı təqdirdə Avropa Liqasına, əks halda isə Konfrans Liqasına yollanacaqlarına belə reaksiya verib:

“Qismətdir. Güclü olan qazansın. İstər Avropa Liqasına, istərsə də Konfrans Liqasına yollanaq, hansı turnirdə mübarizə aparmağımızdan asılı olmayaraq, çalışacağıq ki, xalqımızı, dövlətimizi, azarkeşlərimizi layiqincə təmsil edək, qələbələr qazanaq və yeni nailiyyətlər əldə edək. Yəni hansısa komanda keçsin demirik”.

Qurban Qurbanov tərəfindən Elvin Cəfərquliyevin əsas komandadan uzaqlaşdırılmasından sonra daha çox oyun şansı qazanan Bayramov öz performansı barədə isə bunları deyib:

“Məncə, bunu azarkeşlər dəyərləndirsə, daha yaxşı olar. Bacardığım qədər əlimdən gələni edirəm ki, komandaya fayda verim. Bundan sonra da belə davam edəcək”.

Shares: