Misli Premyer Liqasının 31-ci turunda qapılara ümumilikdə 10 qol vuruldu. 6 matçdan üçündə meydan sahibləri, birində qonaqlar qələbə qazandılar, iki görüş isə heç-heçə ilə nəticələndi.

Turun qələbəsi

Turun ən gözlənilməz qələbəsi, yəni sensasiyası Masazırda qeydə alındı. Çempionluğu artıq təmin etmiş “Sabah”ın 10-cu pillədə qərarlaşan “Kəpəz” üzərində rahat qələbə qazanacağı proqnozlaşdırılırdı. Ancaq 90 dəqiqənin yekununda Gəncə təmsilçisi paytaxtdan 3 xalla ayrıldı. “Sabah” çoxsaylı epizodları boşa verincə, Stas Pokatilovun səhvindən sonra Rəhman Hacıyevin vurduğu qol turun sensasiyasını rəsmiləşdirdi. Bununla “Sabah”ın 28 oyunluq məğlubiyyətsizlik seriyası qırıldı.

Turun darmadağını

Turun ən böyükhesablı qələbəsinə “Neftçi” imza atdı. “Ağ-qaralar” əvvəlki iki dövrədə qalib gələ bilmədikləri “Şamaxı”ya bu dəfə heç bir şans vermədilər. İlk hissədə 1, fasilədən sonra isə 2 dəfə fərqlənən Yuri Vernidubun komandası sonda 3:0 hesablı darmadağına sevindi. Bu qələbə sayəsində “Neftçi” 4-cü pillədə möhkəmlənərək “Zirə” ilə arasındakı xal fərqini 3-ə yüksəltdi. “Şamaxı” isə ardıcıl ikinci oyunda meydanı 0:3 hesablı məğlubiyyətlə tərk etmiş oldu.

Turun məşqçisi

Düzdür, turun ən gözlənilməz nəticəsinə Azər Bağırovun çalışdırdığı “Kəpəz” imza atdı. Ancaq Gəncə klubunun “Sabah”la oyununda rəqib açıq-aşkar üstün təsir bağışladı və saysız-hesabsız qol epizodlarını dəyərləndirə bilmədi. Bu mənada, “turun məşqçisi” kimi “Qəbələ”nin çalışdırıcısı Kaxaber Sxadadzeni seçdik. 57 yaşlı çalıdırıcı komandasını “Qarabağ”la oyuna yaxşı hazırlaya bilmişdi. Oyun baxımından qonaqlar daha üstün təsir bağışsalar da, “qırmızı-qaralar” da bu görüşdə yaxşı qol epizodları yaratmağı bacardılar. Güclü rəqibinə qarşı sonadək mübarizə aparan “Qəbələ” meydandan vacib 1 xalla ayrıldı.

Turun futbolçusu

Ötən tur “Sumqayıt”la matçda kobud səhvlə yadda qalan Yusif İmanov bu turun nəinki ən yaxşı qapıçısı, birbaşa ən yaxşı futbolçusu adına layiqdir. Həqiqətən də, 23 yaşlı qolkiper sabiq komandası “Sabah”la matçın qəhrəmanı oldu. Rəqibin aşkar üstünlüyü şəraitində keçən qarşılaşmada İmanova çox iş düşdü. Buna baxmayaraq, o, çərçivədə inamlı dayanaraq bir neçə seyvlə yadda qala və qapısını toxunulmaz saxlaya bildi. Yusifin uğurlu çıxışı “Kəpəz”in sürpriz qələbəsində mühüm rol oynadı.

Turun qapıçısı

“Qəbələ”nin qapıçısı Səlahət Ağayev də hesabat turunu inamlı keçirdi. O, “Qarabağ”la qarşılaşmada (1:1) bir neçə kritik qurtarışla yadda qaldı, üstəlik, 78-ci dəqiqədə Toral Bayramovun yerinə yetirdiyi penaltini dəf etdi. Nəticədə Ağayev “Qəbələ”nin güclü rəqibindən 1 xal qoparmasında əsas pay sahiblərindən oldu.

Turun qolu

Hesabat turunda iki qol xüsusi olaraq baxımlı alındı. Birinci estetik qolun müəllifi Aleksandr Ramalinqom oldu. “Sumqayıt”ın hücumçusu “Araz-Naxçıvan”la ev oyununun (2:1) 45+2-ci dəqiqəsində fantastik qolla hesabı açdı. Onun uzaq məsafədən qüvvətli zərbəsi qarşısında qonaqların qapıçısı Kristian Avram aciz qaldı. Topun tirə dəydikdən sonra qapıdan keçməsi qolun gözəlliyini bir qədər də artırdı.

Turun digər baxımlı qoluna isə “Neftçi”nin futbolçusu Breno Almeyda imza atdı. O, “Şamaxı” ilə görüşün 83-cü dəqiqəsində cərimə zərbəsindən möhtəşəm qol vuraraq oyunda yekun hesabı müəyyənləşdirdi. Almeydanın yaxın küncə vurduğu zərbənin qarşısında çempionatımızın ən səviyyəli qolkiperlərindən sayılan Rikardo Fernandes belə aciz qaldı.

Turun antiqəhrəmanı

“Araz-Naxçıvan”ın müdafiəçisi Rahil Məmmədov “Sumqayıt”la görüşdə avtoqol müəllifi oldu. O, matçın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə rəqib futbolçu Emil Mustafayevin ötürməsinin qarşısını kəsmək istəyərkən topu öz qapılarına göndərdi. Rahilin bu səhvi “Araz-Naxçıvan”ı xalsız qoydu.

Turun digər antiqəhrəmanı isə Toral Bayramov oldu. Toral penaltini qola çevirsəydi, “Qarabağ” Qəbələ səfərindən 3 xalla qayıda bilərdi. Ancaq Ağdam klubunun ştatlı penaltiçisi əlverişli şansı qaçırdı. O, 78-ci dəqiqədə yerinə yetirdiyi 11 metrlik cərimə zərbəsi zamanı “Qəbələ”nin qapıçısı Səlahət Ağayevlə dueldən məğlub ayrıldı.

CAVAD

Shares: