“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının ikinci mərhələsinin qalibi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, qazaxıstanlı Yevgeni Fyodorov finiş xəttinə birinci çatıb.

“Astana” komandasının üzvü məsafəni 4 saat 41 dəqiqə 38 saniyəyə qət edib. İsveçrəli Aleksandr Balmer ikinci, uruqvaylı Erik Antonio Faqundes üçüncü yeri tutub.

Bu raundda idmançılar “Sea Breeze”dən start götürməklə İsmayıllıya qədər 193,3 km məsafə qət ediblər.

İkinci yarış günü daha çətin profili ilə seçilməklə, 3 dağ yoxuşu və 2 sprint təsnifatını özündə birləşdirib.

Ötən gün ilk mərhələdə finişə Çinin “Li-Ninq Star” komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb.

Yarışın məqsədi ölkədə velosiped idmanının inkişafına töhfə vermək, Azərbaycanın beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etdiyini bir daha nümayiş etdirmək və işğaldan azad olunmuş ərazilərə diqqəti artırmaqdır.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.

Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

Shares: