Turan Manafov mayın 25-də Cənubi Afrika Respublikasına (CAR) qayıdacaq.
Bu barədə futbolinfo.az-a futbolçunun meneceri Kamran Şahverdiyev məlumat verib.
O, hazırda “Qəbələ”də icarə əsasında çıxış edən 27 yaşlı futbolçunun ayın sonunda müqavilə ilə məxsus olduğu “Stellenboş” klubuna dönəcəyini bildirib:
“Turan Manafov hazırda Qəbələdədir. Ayın sonu üçün bileti var, CAR-a qayıdacaq. Yeni mövsüm hazırlığına orada başlayacaq. CAR-da mövsüm mayda bitdiyindən klub onun geri qayıtması ilə bağlı rəsmi şəkildə məktub ünvanlayıb. Manafov da özü dönmək istəyir”.
Menecer futbolçunun “Qəbələ”də yaşadığı problemlər və başqa kluba keçmək ehtimalı barədə də danışıb:
“Bundan öncə mikro zədəsi olduğundan məşqlərdə iştirak etmədi. Yaranan söz-söhbətlərdən sonra karyerasını Afrika klubunda davam etdirəcək. Hazırda Turan Manafovun başqa kluba keçməsi ilə bağlı planımız yoxdur”.
Qeyd edək ki, Turan Manafov yanvarda CAR klubundan icarəyə götürülüb və bu müddətdə Premyer Liqada 8 oyuna çıxıb.
Futbolçu martda “Qəbələ”nin baş məşqçi Kaxaber Sxadadze ilə insident yaşadığı üçün əsas komandadan uzaqlaşdırılıb.





