“Sabah” mövsümün ən güclü komandası olduğunu dünən bir daha sübuta yetirdi. “Bayquşlar” kubokun finalında “Zirə”ni məğlub edərək həm “qızıl dubl” etdilər, həm də ardıcıl ikinci dəfə ölkə kubokunu muzeylərinə apardılar.
Hərçənd oyun “Zirə” üçün yaxşı başlamışdı. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov rəqibin gücünü nəzərə alaraq 5-3-2 taktiki sxeminə üstünlük vermişdi. Sadıqov “Sabah”a qarşı açıq oyuna getməməklə, müdafiəçilərin sayını artırmaqla düz etmişdi. Əks halda, “Qarabağ”ın belə bu mövsüm qalib gələ bilmədiyi, əla formada olan “Sabah”ın önündə “Zirə” daha erkən təslim olacaqdı. Bu mənada, qüvvələr arasındakı fərqi yaxşı anlayan Sadıqovun seçdiyi taktiki sxem doğru idi.
4-cü dəqiqədə Eren Aydının hesabı açması hamı üçün sürpriz oldu. Davit Volkov və Brahim Konatenin iştirakı ilə qurulan hücumun davamında türkiyəli futbolçunun uzaq küncə qəfil və qüvvətli zərbəsini “Sabah”ın qapıçısı Stas Pokatilov gözləmirdi, buna görə də reaksiya verməkdə gecikdi.
Hər şey “Zirə”nin istədiyi kimi gedirdi. Düşünmək olardı ki, hesabda önə keçən qəsəbə klubunun 5-li müdafiə xəttini yarmaq “Sabah”a əlavə çətinlik yaradacaq. Əslində, ilk yarım saat ərzində faktiki olaraq bunu gördük. “Sabah” ciddi heç nə ilə yadda qalmır, rəqibin qapısına yaxınlaşmaqda problem yaşayırdı. Ancaq birinci yarının sonuna doğru “bayquşlar” özlərinə gəlməyə, kəsərli, təhlükəli hücumlar qurmağa başladılar. Təsadüfi deyil ki, həmin müddətdə “Zirə”nin qapıçısı Tiaqo Silva iki dəfə komandasını qoldan xilas etdi, bir epizodda isə Coy-Lens Mikelsin zərbəsinin qarşısını dirək kəsdi.
Artıq bəlli idi ki, fasilədən sonra “Sabah” təzyiqi bir qədər də artıracaq. Elə də oldu. İkinci hissənin ilk 10-15 dəqiqəsi ərzində Tiaqo Silva daha iki dəfə komandasının köməyinə çatdı. Bu ərəfədə Rəşad Sadıqov heyətdə iki dəyişikliyə əl atdı. İssa Cibrila əvəzlənməyini özü istədisə, Eren Aydının meydandan çıxarılması yanlış qərar idi. Düzdür, oyunsonrası açıqlamasında Sadıqov Erenin matça ağrıkəsici ilə çıxdığını, onun zədəsinin ağırlaşacağından ehtiyat etdiyi üçün bu addımı atdığını bildirdi. Amma türkiyəli futbolçu “CBC Sport”a müsahibəsində ağrıkəsici söhbətini təsdiqləsə də, həmin anda meydanda narahat olmadığını və daha bir neçə dəqiqə oynaya biləcəyini vurğulamaqla erkən əvəzlənməsindən narazı qaldığını hiss etdirdi. Rəqibin təzyiqi artırdığı məqamda “Zirə”nin ön xəttində “diri”, pressinq tətbiq edən, topu özündə saxlaya bilən oyunçuya ehtiyac var idi. Düzdür, Ereni əvəzləyən Junior Martins də pis futbolçu deyil, amma dünənki görüşdə ağırlığını qoya bimədi.
Əvəzində Valdas Dambrauskasın əvəzetmələri effektiv oldu və matçın nəticəsinə təsir etdi. 69-cu dəqiqədə meydana daxil olan Patrik Mbina və Rəhman Daşdəmirov cəmi 1 dəqiqə sonra baş məşqçinin üzünü ağartdılar. Məhz Rəhmanın ötürməsindən sonra onunla eyni vaxtda oyuna qoşulan Mbina akrobatik zərbə ilə baxımlı qola imza atdı.
Təzyiqi davam etdirən “Sabah” mücadilənin taleyini əsas vaxtdaca həll etmək istəyirdi. “Bayquşlar” bu istəklərinə də çatdılar. Əks-hücum zamanı topu Pokatilovdan alan Coy-Lens Mikels uzun reyd etdi və reydini cərimə meydançasının kənarından vurduğu əla zərbə ilə qola çevirdi.
Finalda vurulan hər 3 qolda ustalıq səviyyəsi özünü göstərdi. Amma bu da faktdır ki, “Zirə” ilə müqayisədə “Sabah”ın futbolçuları daha keyfiyyətli, transfer qiymətləri yuxarı olan futbolçulardır. Sadəcə, qazanılan uğuru təkcə güclü heyətə bağlamaq Dambrauskasa qarşı haqsızlıq olar. “Sabah”ın “qızıl dubl”unun əsas memarı məhz litvalı mütəxəssisdir. Tətbiq etdiyi baxımlı futbola, seçdiyi yeni transferlərə söz ola bilməz. Onun gəlişindən sonra edilən nöqtə transferlər pazldakı çatışmazlıqları aradan qaldırdı, nəticədə “Sabah” tarixində ilk dəfə Azərbaycan çempionu oldu, ölkə kubokunda isə titulunu qorudu.
Zirvəyə qalxmaq hər nə qədər çətindirsə, orada qalmaq ondan da çətindir. Bundan sonra “Sabah”dan gözləntilər daha çox olacaq. Bu uğurların ardını mütləq Çempionlar Liqasında davam etdirmək lazımdır. İllərdir “Qarabağ” Avropa arenasında futbolumuzun yükünü tək daşıyıb. Artıq bu yükü bölüşmək zamanıdır…
CAVAD






