“Məşqçilik karyeramda ilk böyük uğurumdur. Qarşıdakı illərdə hədəfimiz daha yaxşı və böyük uğurlar əldə etməkdir. Bu, bir az zaman ala bilər. Əsas məqsədimiz Premyer Liqada iştirak etmək idi. Klub olaraq bunun da öhdəsindən gələ bildik”.
Bu sözləri futbolinfo.az-a açıqlamasında I Liqa çempionu “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli deyib.
34 yaşlı mütəxəssis çempionatın sonuna bir tur qalmış birinciliyi təmin edərək 21 il sonra Premyer Liqaya qayıtmaları barədə təəssüratlarını bölüşüb:
“Bu, tək mənim yox, komanda, texniki heyət və məşqçilər korpusu olaraq hamımızın uğurudur. Hər zaman yanımızda oldular, köməklərini əsirgəmədilər. Hər birinə təşəkkür edirəm. Rəhbərliyə daim dəstək olduqları üçün minnətdaram. Azarkeşlərimizə də təşəkkür edirəm ki, evdə və səfərdə hər zaman bizim yanımızda oldular”.
Kərəmli mövsüm boyu komandasının keçdiyi yoldan da söz açıb:
“Çox çətin mövsüm keçirdik. Stabilliyi qorumağa çalışdıq və futbolçularım bunun öhdəsindən layiqincə gəldilər. Enişli-yoxuşlu dövrlər oldu. Bu da çempionatın gərgin keçməsi, klubların ilbəil daha da güclənməsi ilə bağlıdır. Lakin komandamız ilk turdan etibarən birinci yerdə qərarlaşdı və mövsümün sonuna qədər bu stabilliyi davam etdirdi. Futbolçularıma bizə bu çempionluq sevincini yaşatdıqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, “Şəfa” XXVI turda öz meydanında “Cəbrayıl”a 1:0 hesabı ilə qalib gəlib. Bununla da xallarının sayını 57-yə çatdıran paytaxt klubu “Səbail”i 7 xal üstələyərək çempionluğu rəsmiləşdirib.






