“Kəpəz”in yarımmüdafiəçisi Şakir Seyidovun futbolinfo.az saytına müsahibəsi

– 31-ci turda çempionluğu artıq rəsmiləşdirmiş “Sabah” üzərində sensasion qələbə qazandınız. Bu nəticəni gözləyirdiniz? Qalibiyyətdə əsas rolu nə oynadı?

– Biz hər matçda qələbə üçün oynayırıq. “Sabah”la görüşə ikiqat motivasiya ilə çıxmışdıq. 3 xal qazanaraq Premyer Liqada qalmağı təmin etmək istəyirdik. Şükürlər olsun ki, istəyimizə nail olduq.

– Yetirməsi olduğunuz klubun 28 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyduğunuz üçün hansı hissləri keçirdiniz?

– Əvvəla, “Sabah”ı çempion olması münasibətilə təbrik edirəm. Çox gözəl sezon keçirdilər. “Sabah”da dostlarım çoxdur. Buna baxmayaraq, mən də komanda yoldaşlarım kimi bu görüşdə qələbə qazanıb Premyer Liqadakı yerimizi qorumaq istəyirdim.

– Növbəti turda “Araz-Naxçıvan”la, bu sezon sonuncu matçınızda isə “Neftçi” ilə üz-üzə gələcəksiniz. Bu görüşlərdən gözləntiniz nədir?

– Ardıcıl iki görüşdə qələbə qazandıq. Uğurlu seriyanı davam etdirmək istəyirik. İnşallah, son iki turda da qalib gələrək istirahətə yaxşı əhval-ruhiyyədə gedərik.

– “Kəpəz” son illərdə bir qayda olaraq liqada qalmaq uğrunda mübarizə aparır. Növbəti mövsümdə daha iddialı Gəncə təmsilçisi görə bilərik?

– Bu, məndən asılı olan bir şey deyil. Biz futbolçular olaraq verilən tapşırıqları ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. İnşallah ki, növbəti mövsümdə “Kəpəz” daha yüksək yerlərdə olar.

– Bu mövsüm fərdi çıxışınızı necə dəyərləndirirsiniz? “Kəpəz”lə daha 1 illik müqavilənizin qaldığını nəzərə alsaq, növbəti sezonu da Gəncə klubunda keçirəcəyinizi əminliklə söyləmək olar?

– Bunu mən desəm, düzgün olmaz. Məşqçilər heyəti mənə güvənərək şans verirsə, deməli, məşqlərdə və oyunlarda nələrisə edə bilirəm. Qalıb-qalmayacağımı zaman göstərəcək. Düzdür, müqaviləm var, ancaq bu, futboldur. Sabah bir dəyişiklik olar, heç nə edə bilməzsən.

– Mətbuatda baş məşqçi Azər Bağırovun mövsümün sonunda “Kəpəz”dən ayrılacağı və “Şamaxı”nı çalışdıracağı haqda xəbərlər yayılıb. Bağırovun gedişi komandanıza necə təsir edər?

– Azər müəllim çox yaxşı insan və məşqçidir. Peşəkar adamdır. “Kəpəz”dən gedib-getməyəcəyini bilmirəm. Qalsa da, getsə də, Allah yolunu açıq etsin.

FƏRİD

Shares: