“Səbail”in müdafiəçisi Səbayıl Bağırovun futbolinfo.az saytına müsahibəsi

– I Liqanın 25-ci turunda səfərdə “Zaqatala” üzərində 3:0 hesablı qələbə qazandınız. Bu hesab sizin üçün gözlənilməz olmadı?

– “Zaqatala” ilə oyuna ciddi hazırlaşmışdıq və komandada hamı qələbəyə köklənmişdi. Açığı, 3:0 hesabı bizim üçün tam gözlənilməz olmadı. Meydanda verilən tapşırıqları düzgün yerinə yetirdik, həm müdafiədə etibarlı oynadıq, həm də hücumda imkanlardan maksimum yararlandıq. Hesab böyük görünsə də, oyun düşündüyümüz qədər asan keçmədi.

– Qarşıda sizi “Şahdağ Qusar”la qarşılaşma gözləyir. Rəqib sizə problem yarada bilər, yoxsa asan qalibiyyət gözləyirsiniz?

– “Şahdağ Qusar” çox istəkli və döyüşkən komandadır. Bu mərhələdə artıq heç bir oyun asan olmur. Öz meydanımızda oynasaq da, rəqibi ciddi qəbul edirik. Futbolda əvvəldən “asan qələbə” demək düzgün deyil. Əsas məqsədimiz meydanda üstün oyunumuzu göstərib 3 xal qazanmaqdır.

– Sona 2 tur qalmış “Mingəçevir” və “Baku Sportinq”i 4 xal qabaqlayırsınız. Riyazi baxımdan çempionluq şansınız qalmaqdadır. Buna ümidlisiniz, yoxsa hədəfiniz konkret olaraq ikinciliyi qorumaqdır?

– Çempionluq şansımız riyazi olaraq davam edirsə, deməli, sona qədər mübarizə aparmalıyıq. Futbolda hər şey mümkündür. Təbii ki, ikinci yeri qorumaq da vacibdir, amma biz özümüzü əvvəlcədən hansısa yerlə məhdudlaşdırmırıq. Son tura qədər ümidimizi saxlayacağıq.

– Necə düşünürsünüz, Adil Şükürov mövsümün başlanğıcından “Səbail”i çalışdırsaydı, komanda hazırda birinci pillədə ola bilərdi?

– Adil müəllim təcrübəli məşqçidir və komandaya gəldikdən sonra bunu göstərdi. Amma onu da xüsusi qeyd etmək lazımdır ki, komandanın formalaşmasında və bugünkü səviyyəyə çatmasında Elvin Məmmədovun da böyük əməyi var. Komandanı quran, futbolçuları bir araya gətirən və kollektiv ruhu yaradan şəxslərdən biri məhz o olub. Bugünkü nəticələrdə həm Adil müəllimin, həm də Elvin müəllimin əziyyəti görünür.

– “Səbail” pley-offa yüksəlsə, rəqib “Qəbələ” olacaq. Bu dueldən qalib ayrılmağa gücünüz çatacaq?

– “Qəbələ” Premyer Liqanın ən təcrübəli komandalarından biridir və belə oyunlarda favorit sayılır. Amma pley-off tamam fərqli atmosferdə keçir. Biz də öz gücümüzə inanırıq. Meydanda sona qədər mübarizə aparsaq, uğurlu nəticə qazanmaq mümkündür.

– Premyer Liqada bu mövsüm gərgin rəqabət izlədik. Eyni sözləri I Liqa haqda da deyə bilərik?

– Bəli, düşünürəm ki, bu mövsüm I Liqada da kifayət qədər maraqlı və gərgin mübarizə getdi. Bir çox komandalar arasında xal fərqi az oldu, hər tur sürpriz nəticələr gördük. Bu da liqanın səviyyəsinin artdığını göstərir.

ABBAS

Shares: