“Sabah”ın müdafiəçisi Timoteuş Puxaçın karyerasını ölkəsi Polşada davam etdirmək ehtimalı olub.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Ekstraklasa təmsilçisi “GKS Katovitse” 27 yaşlı futbolçunun keçidində maraqlı olub. Adıçəkilən klub ötən ilin yayında olduğu kimi, bu dəfə də Puxaçın transferinə cəhd edib. Lakin Almaniyanın “Holştayn Kil” klubu bir il əvvəl olduğu kimi, yenə polşalılara “yox” cavabını verib.
Nəticədə “Sabah” sol cinah oyunçusunu birdəfəlik transfer edib. Bakı klubu dünən oyunçu ilə 3 illik müqavilə imzalandığını açıqlayıb.






