“Sabah” futbolçusu Xəyal Əliyevə yeni müqavilə təklif edilməyib. Bu barədə futbolinfo.az saytına açıqlamasında 22 yaşlı yarımmüdafiəçi özü məlumat verib.

Azərbaycan millisinin üzvü gələcək karyerası ilə bağlı suala belə reaksiya verib: “Təkliflər barədə məlumatım yoxdur. Bunlarla menecerim maraqlanır deyə xəbərsizəm. “Sabah” isə hələlik yeni müqavilə təklif etməyib”.

Əliyev Azərbaycan Kubokunun qalibi olmaları barədə təəssüratlarını da bölüşüb: “Ardıcıl ikinci dəfə Azərbaycan Kubokunu qazandığımız üçün çox sevincliyik. İnşallah, gələn il yenə biz qalib gələrik. İnanırıq ki, uğurlarımız davamlı olacaq. Həmçinin “qızıl dubl” etdiyimiz üçün də çox xoşbəxtik”.

O, qarşıdakı hədəflərdən də söz açıb: “Çempionlar Liqasına yollanacağıq. Qrup mərhələsinə yüksəlməyi və orada mübarizə aparmağı düşünürük”.

Qeyd edək ki, Xəyal Əliyev 2024-cü ildən “Sabah”ın əsas komandasında çıxış edir. Onun hazırkı müqaviləsi növbəti mövsümün sonunda bitəcək.

Shares: