MBA-da final seriyasının 4-cü oyunu dramatik sonluqla yadda qalıb. “Nyu York Niks” doğma meydanda “San Antonio Spörz” üzərində 107:106 hesablı əzmkar qələbə qazanaraq seriyada hesabı 3:1-ə çatdırıb.
Oyuna daha yaxşı başlayan qonaqlar ilk periodda 41 xal toplamaqla üstünlüklərini nümayiş etdiriblər. Texas təmsilçisi ikinci bölümdə də yüksək tempini qoruyub və böyük fasiləyə 27 xal fərqi ilə öndə yollanıb. Bu göstərici MBA finalları tarixində qonaq komandanın ilk yarıda əldə etdiyi ən böyük üstünlük kimi qeydə alınıb. Bundan başqa, “Spörz” basketbolçuları ilk hissədə 14 dəqiq üçxallıq atışla final matçları üçün yeni rekord müəyyənləşdiriblər.
Lakin fasilədən sonra meydanda tam fərqli Nyu York komandası görünüb. Mayk Braunun rəhbərlik etdiyi kollektiv mərhələli şəkildə fərqi azaltmağa nail olub. Qarşılaşmanın taleyi son saniyələrdə həll olunub. Oyunun bitməsinə 1,2 saniyə qalmış Oci Anunobi topu səbətə yönləndirməklə komandasına qələbə qazandırıb.
Matçın ən məhsuldar basketbolçusu “Niks”in lideri Ceylen Branson olub. O, 36 xal toplayaraq qələbədə əsas pay sahibinə çevrilib. “San Antonio”nun fransalı ulduzu Viktor Vembanyama isə görüşü 24 xal və 13 ribaundla başa vurub.
Final seriyasının beşinci oyunu iyunun 13-dən 14-nə keçən gecə San Antonioda keçiriləcək. “Nyu York” növbəti qarşılaşmada da qalib gələcəyi təqdirdə, 53 ildən sonra MBA çempionluğunu rəsmiləşdirəcək.






