Norveçin paytaxtı Osloda keçirilən növbəti Brilyant Liqa mərhələsində bir sıra maraqlı nəticələr qeydə alınıb.
Qadınların 100 metr məsafəyə qaçışında Sent-Lüsiya təmsilçisi Jülyen Alfred 10,76 saniyə nəticə ilə bütün rəqiblərini qabaqlayıb. 400 metr məsafədə norveçli Henriette Yeger 49,52 saniyəlik göstərici ilə birinci olub. Slovakiyalı Emma Zapletalova 400 metr maneələrlə qaçışda 53,13 saniyə nəticə göstərərək qələbə qazanıb.
3000 metr məsafəyə maneələrlə qaçışda Efiopiya atletləri üstün olublar. Qızıl medala 8 dəqiqə 24,22 saniyə nəticə göstərən Freveyni Haylu sahib çıxıb. Üç təkanla tullanmada kubalı Devisleydi Velasko 14,85 metrə tullanaraq hamını qabaqlayıb.
Nizəatma yarışında Çin idmançısı Yan Zıyi 67,11 metrlik cəhdlə birinci yeri tutub. Nüvəitələmədə isə ABŞ təmsilçisi Çeyz Cekson 20,74 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Kişilərin mübarizəsində Botsvana sprinteri Letsile Teboqo 200 metr məsafəni 19,84 saniyəyə qət edərək qalib olub. Braziliyalı Alison dos Santos 400 metr maneələrlə qaçışda 46,89 saniyə nəticə göstərərək birinci yeri tutub.
800 metr məsafədə ABŞ atletı Kuper Lütkenhaus 1 dəqiqə 42,08 saniyəlik nəticə ilə finiş xəttini hamıdan əvvəl keçib. Keniyalı Timoti Çeruiyot isə 1 mil qaçışında 3 dəqiqə 48,21 saniyə nəticə ilə qələbə qazanıb.
5000 metr məsafəyə qaçışda Efiopiya təmsilçisi Addisu Yihune 12 dəqiqə 47,62 saniyəlik göstərici ilə qalib adını qazanıb. Dirəklə tullanma yarışında avstraliyalı Körtis Marşall 5,82 metr nəticə ilə birinci olub.
Kişilərin üç təkanla tullanma yarışında isə Yamayka atletı Cordan Skott 17,66 metrlik cəhdi ilə bütün rəqiblərini geridə qoyub.






