UFC-nin ağır çəki dərəcəsində sabiq titul iddiaçısı, amerikalı Derrik Lüis Ağ Evin ərazisində açıq havada keçiriləcək “UFC White House — Freedom 250” turnirindəki döyüşü ilə bağlı zarafatla danışıb.
İyunun 15-də ABŞ-ın Vaşinqton şəhərində baş tutacaq yarışda Lüisin rəqibi məğlubiyyətsiz həmyerlisi Coş Hokit olacaq. Mətbuat konfransında çıxış edən Derrik açıq havada döyüşmək təcrübəsinin olduğunu bildirib: “Sonuncu dəfə küçədə dava edəndə üç il yarım həbs cəzası aldım. Ona görə də bu baxımdan təcrübəm var. Mən Texasda yaşayıram. Bizdə bütün gün ağcaqanadlar və müxtəlif həşəratlar uçur, insanlara hücum edir. Bütün gün adamın canını boğurlar. Buna artıq öyrəşmişəm”.
41 yaşlı Derrik Lüis peşəkar MMA karyerasına 2010-cu ilin aprelində başlayıb. “Qara Canavar” ləqəbli idmançının aktivində 29 qələbə və 13 məğlubiyyət var. Onun bir döyüşü isə baş tutmamış hesab edilib.






