“Nyu-York Niks” 2025/2026 mövsümündə Milli Basketbol Assosiasiyasının çempionu olub. Final seriyasının beşinci oyununda Nyu-York klubu səfərdə “San-Antonio Spörs”ü 94:90 hesabı ilə məğlub edərək qarşıdurmada son nöqtəni qoyub.
Görüş San-Antoniodakı “Frost Benk Mərkəzi” arenasında keçirilib. Matçın əsas qəhrəmanı qonaqların lideri Ceylen Branson olub. O, 45 xal toplayıb, həmçinin üç ribaund və üç məhsuldar ötürmə ilə yadda qalıb.
“Niks”in uğuruna Mikal Bricis 14, Coş Hart 13, O Ci Anunobi isə 11 xalla töhfə verib.
Meydan sahiblərinin heyətində ən məhsuldar basketbolçu 25 xal toplayan Dilan Harper olub. Fransalı mərkəz oyunçusu Viktor Vembanyama 19 xal və 14 ribaundla dabl-dabl etsə də, bu, komandanı məğlubiyyətdən xilasa kifayət etməyib.
Qələbə “Nyu-York”a final seriyasında 4:1 hesabı ilə qalib gəlməyə və MBA çempionluğunu qazanmağa imkan verib.
Finala gedən yolda “Spers” pley-offun yarımfinalında “Oklahoma-Siti Tander”dən güclü olub. “Niks” isə “Klivlend Kavalyers”i inamla keçərək seriyanı dörd oyunda başa vurub.






