Ötən gün “Qarabağ”dan ayrılan qapıçı Fabian Buntiçin dərhal özünə yeni komanda tapıb.

Futbolinfo.az xəbər verir ki, xorvatiyalı qolkiper yenidən karyerasını Portuqaliyada davam etdirəcək.

İki il əvvəl “Qarabağ”a “Vizela”dan keçən Buntiç bu dəfə “Farense” ilə müqavilə imzalayıb. 29 yaşlı oyunçu Portuqaliyanın II Liqa komandası ilə bir illik sözləşmə bağlayıb. Müqavilədə onu daha bir il uzatmaq bəndi var.

Portuqaliyada ailə qurduğunu və orada bir müddət yaşadığını açıqlayan Buntiç həmin ölkəyə uyğunlaşmaqda çətinlik çəkməyəcəyini söyləyib. O, Azərbaycan təcrübəsindən də bəhs edib: “Orada mədəniyyət və insanların futbola baxışı fərqlidir. Amma mənə Çempionlar Liqası və Avropa Liqası kimi böyük turnirlərdə oynamaq imkanı verildi. Ən yüksək səviyyəli yarışlarda iştirak etdikcə daim yeni şeylər öyrənirsən və mən də bu təcrübədən daha bilikli şəkildə ayrıldım”.

Qeyd edək ki, Fabian Buntiç ötən mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 7 oyun keçirib.

Shares: