“Qarabağ”dan ayrılan qapıçı Amin Ramazanovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”dan niyə ayrıldın? Bu, əsasən daha çox oyun təcrübəsi əldə etmək istəyinlə bağlı idi?

– “Qarabağ”dan müqaviləm başa çatdığı üçün ayrıldım. Klub mənə yeni müqavilə təklif etmədi və mən də daha çox oynamaq istəyirdim.

– Hazırda hər hansı təklifin var, yoxsa gözləmə mövqeyindəsən?

– Karyeramın davamı ilə bağlı bütün variantları nəzərdən keçirirəm. Ona görə də hər hansı təklif gəlsə, ciddi şəkildə dəyərləndirəcəyəm.

– Azərbaycanda qalmaq variantını düşünürsən, yoxsa legioner həyatı yaşamaq istəyirsən?

– Mən bütün imkanları nəzərdən keçirirəm. Karyeramla bağlı hansısa təkliflər olsa, onların üzərində düşünəcəyəm.

– Ümumilikdə “Qarabağ”da keçirdiyin illəri necə qiymətləndirirsən?

– “Qarabağ”da keçirdiyim illər mənə çox şey qazandırdı. Böyük futbolda debüt etdim, dəyərli təcrübə qazandım, avrokuboklarda böyük klublara qarşı oynadım və çox şey öyrəndim. Birlikdə çalışdığım bütün qapıçılar və xüsusilə məşqçim Elxan Həsənov mənə çox faydalı məsləhətlər verdilər.

– Bir müddət “Zaqatala”da da çıxış etdin. Orada vəziyyət necə idi?

– Orada da müəyyən təcrübə qazandım və futbol baxımından mənə faydalı bir mərhələ oldu.

– Düşünürsən ki, karyeranı başqa klublarda başlasaydın, hər şey fərqli ola bilərdi? Axı, “Qarabağ” böyük turnirlərdə oynayır və orada daha çox təcrübəli qapıçılara ehtiyac olur…

– Bilmirəm necə olardı, amma “Qarabağ”da olduğuma görə sevinirəm. Hər futbolçu orada oynamaq şansı qazanmır. Ona görə də heç nədən peşman deyiləm.

– Azərbaycanda hansısa klub səninlə əlaqə saxlayıb? Məsələn, “Qarabağ”da olduğun vaxtlarda sənə təkliflər olub?

– Bəli, “Qarabağ”da olduğum vaxtda mənimlə əlaqə saxlayan klublar olub. Hətta Azərbaycandan kənardan da təkliflər gəlmişdi.

ABBAS

Shares: