“Qarabağ”ın sabiq cənubi afrikalı hücumçusu Dino Ndlovu həmyerlisi Eyden Makkartinin “Sabah”a transferini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 36 yaşlı forvardın fikrincə, gənc mərkəz müdafiəçisi “Kayzer Çiffs”i Azərbaycan çempionuna dəyişməklə doğru addım atıb. Cənubi Afrika Respublikasında əksəriyyət bu keçidi birmənalı qarşılamasa da, Ndlovu 22 yaşlı oyunçunun “Sabah”ın heyətində daha da parlayacağına inandığını söyləyib.

O, “Soccer Laduma” nəşrinə açıqlamasında Misli Premyer Liqası barədə müsbət fikirlər səsləndirib: “Onun səhv seçim etdiyini deməzdim. İlk növbədə insanların düşündüyünün əksinə olaraq, o, doğru liqaya gedib. Azərbaycan çempionatı inkişaf edir. Oraya Braziliya və Portuqaliyadan yaxşı oyunçular gətirilir. Azərbaycan çempionatının texniki səviyyəsi bir çoxunun düşündüyündən daha yüksəkdir”.

Qeyd edək ki, Eyden Makkarti “Sabah”la 3+1 illik müqavilə bağlayıb.

photo 2026 06 12 14 56 03 - Futbolinfo.az
Shares: