“Sumqayıt”ın sabiq baş məşqçisi, hazırda Serbiya nəhənglərindən “Partizan”ı çalışdıran Saşa İliçin futbolinfo.az saytına müsahibəsi
– “Sumqayıt”dan niyə ayrıldınız?
– Bəli, ilk növbədə deyim ki, mən orada bir il vaxt keçirdim. Klub ətrafında çalışan insanlar, xüsusilə media ilə işləyənlər arasında çoxlu azarkeşlərim var idi. Bu, mənim üçün çox yaxşı bir təcrübə oldu. Düşünürəm ki, məşqçi heyətimlə birlikdə yaxşı iş gördük. Əlimizdən gələni etdik, komandaya ən yaxşı oyunu qazandırmağa çalışdıq. Məsələn, mövsümün ilk hissəsi çox yaxşı idi, ikinci hissə isə o qədər də alınmadı. Amma futbol həyatdır. Mən orada çalışan bütün insanlarla, rəhbərliklə yaxşı münasibətdə idim. Düşünürəm ki, Azərbaycan karyeramı inkişaf etdirməyim üçün uğurlu idi. Yəni deyə bilərəm ki, bu, çox yaxşı təcrübə idi. Orada, məsələn, çox yaxşı infrastruktur var — bəlkə də Azərbaycanda ən yaxşılarından biridir. Tam təchiz olunmuş böyük stadion və çox yaxşı idman mərkəzi mövcuddur. Eyni zamanda, hər yerdə olduğu kimi, müəyyən problemlər də var. Həmişə problemlər olur, çünki oyunçu transfer etmək asan deyil — bu, çox pul tələb edir və biz çox varlı klub deyildik. Amma mənim üçün bu normaldır. Oradakı hər kəsə uğurlar arzu edirəm. “Sumqayıt”ı dəstəkləməyə davam edəcəm.
– Azərbaycan liqasının səviyyəsi haqqında nə düşünürsünüz?
– Düzünü desəm, bir az təəccübləndim. “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə” kimi klubları tanıyırdım, amma ümumi liqanın səviyyəsi məni yenə də təəccübləndirdi. Burada çox yüksək səviyyəli 5-6 komanda var. Məsələn, keçən il “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışlarına baxsaq, möhtəşəm nəticələr əldə etdilər. Həmçinin Azərbaycanda “Sabah” kimi komanda var. Hansı ki, “Qarabağ”la rəqabət aparıb, hətta kuboku qazanmağı bacarıb ki, bu da inanılmazdır. “Neftçi”ni də unutmaq olmaz — Azərbaycanın ən böyük və ən populyar klublarından biridir, güclü azarkeş dəstəyi var. Bundan başqa “Turan Tovuz”, “Araz-Naxçıvan” , Zirə kimi komandalar da var — çox yaxşı kollektivlərdir. Dediyim bu 5-6 komanda Azərbaycan liqasının zirvəsindədir.
– Azərbaycan liqasını Serbiya liqası ilə necə müqayisə edərdiniz?
– Bu, asan deyil. Serbiyadakı bütün klubların səviyyəsini tam bilmirəm. Bəziləri kiçik olsa da, böyük tarixə malikdir. Həmçinin Serbiya klubları da Avropa təcrübəsinə malikdir – “Qarabağ” kimi.
– Bir neçə gün əvvəl xəbərlər çıxdı ki, “Partizan” “Qarabağ”ın futbolçusu Elvin Cəfəroquliyevlə maraqlanır. Bu barədə məlumatınız varmı?
– O, ən yaxşı oyunçulardan biridir, “Qarabağ”ın əsas heyət oyunçusu idi. Son vaxtlar onunla bağlı nə baş verdiyini bilmirəm. Amma bu oyunçunu bəyənirəm — oyun tərzini, keyfiyyətini. O, top səviyyəli azərbaycanlı futbolçudur.
– “Partizan” onu transfer edəcək?
– Bizə yüksək səviyyəli oyunçular lazımdır və Elvin də onlardan biridir. Gələcəkdə nə olacağını dəqiqləşdirməmişəm. Düzünü desəm, bunun mümkün olub-olmadığını bilmirəm. Amma oyunçunu bəyənirəm. Azərbaycanda bir il işlədim və “Qarabağ”ın çox oyununu izləmişəm. O, həqiqətən çox yaxşı futbolçudur.
– Başqa hansısa azərbaycanlı futbolçu var ki, onu “Partizan”a apara bilərsiz?
– Bəli, yaxşı oyunçular var, amma bunu gələcəkdə görəcəyik. Həmçinin klublar keyfiyyəti artırmaq üçün legionerlər gətirirlər. Hamı milli komandadan daha yaxşı nəticələr gözləyir, amma nə olacağını görəcəyik. Hər ölkədə yaxşı oyunçular var.
FƏRİD






