Kevin Medina ilə yollarını ayıran “Qarabağ” mərkəz müdafiəçisi axtarışını davam etdirir.

Futbolinfo.az “Record” nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu həmin mövqeni Portuqaliyada çıxış edən oyunçu ilə doldurmaq niyyətindədir.

Azərbaycan təmsilçisinin gündəmində olan müdafiəçi “Kasa Pia”nın üzvü Joao Qulartdır. Lakin 26 yaşlı oyunçunun transferi heç də asan görünmür. Çünki Bolqarıstanın ÇSKA klubu, eyni zamanda İsrailin bir neçə komandası portuqaliyalı ilə maraqlanır.

“Kasa Pia” rəhbərliyi isə Qulartı minimum 2 milyon avroya satmağı planlaşdırır. Lissabonlular müdafiəçinin qalmasının tərəfdarıdır. Lakin böyük məbləğdə təklifə də “yox” deməyəcəklər.

Qeyd edək ki, “Sportinq”in yetirməsi olan Joao Qulartın “Kasa Pia” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. Uzun müddətdir onun “Qarabağ”ın maraq dairəsində olduğu bilinir. Medinanın gedişindən sonra isə ağdamlılar səyini daha da artırıb.

Shares: