“Karvan-Yevlax”da vəziyyət bizim üçün yaxşı olmadı. Komandanın I Liqaya düşməsi hər kəs üçün məyusedici oldu. Mövsüm ərzində vəziyyəti dəyişmək və liqada qalmaq üçün əlimizdən gələni etdik. Təəssüf ki, buna nail ola bilmədik. İstədiyimiz nəticə bu deyildi və buna görə çox təəssüflənirəm. Bununla belə, həmin mövsüm mənim üçün yaxşı təcrübə oldu. Klubda olduğum müddətdə hər kəsdən dəstək gördüm. Buna görə “Karvan-Yevlax”a təşəkkür edir və komandaya gələcəkdə uğurlar arzulayıram”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Vüsal Məsimov deyib.
Məsimovun sözlərinə görə, “Səbail”ə qayıtmaq qərarı uzun çəkməyib. O, klubun qarşısına qoyduğu hədəflərin bu seçimdə mühüm rol oynadığını deyib: “Təxminən bir həftə əvvəl danışıqlar başladı. Klub tərəfindən mənə yaxşı təklif olundu. Rəhbərlik qarşıya böyük məqsədlər qoyulduğunu bildirdi. “Səbail” ad-sanlı klubdur və əsas hədəf yenidən Premyer Liqaya vəsiqə qazanmaqdır. Bu layihə mənim üçün kifayət qədər cəlbedici oldu. Komanda hazırda I Liqada çıxış etsə də, burada hər şey elita səviyyəsində təşkil olunub. “Səbail” hər zaman peşəkarlığı ilə seçilən klublardan biri olub. Bizim də əsas məqsədimiz komandanı yenidən Premyer Liqaya qaytarmaqdır”.
Müdafiəçi son illərdə müxtəlif klublarda çıxış etməsinin futbolçu kimi inkişafına müsbət təsir göstərdiyini də vurğulayıb: “Son illərdə müxtəlif klublarda çıxış etmişəm. Bu, həm yeni insanlarla tanış olmağım, həm də futbolçu kimi inkişaf etməyim baxımından mənə çox şey qazandırıb. Düşünürəm ki, rəqabət hər bir futbolçunun inkişafı üçün vacib amildir. Mən də əlimdən gələni edəcəyəm ki, əsas heyətdə yer alım və komandama maksimum fayda verim”.
GÜNAY SÜLEYMANOVA
