UFC-nin keçmiş yüngül çəki çempionu Həbib Nurməhəmmədov promouşenin hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb. O, UFC-nin “Paramount” ilə imzaladığı illik 1,1 milyard dollarlıq televiziya müqaviləsinin təşkilatın maliyyə sabitliyini təmin etdiyini bildirib və promouşeni dünyanın aparıcı idman liqaları ilə müqayisə edib.

Nurməhəmmədovun fikrincə, son illərdə UFC-nin biznes modeli əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli mərhələyə qədəm qoyub: “6 il əvvəl UFC-yə tamam başqa cür baxırdım. İndi səhər tezdən oyanıb izləmək istədiyin döyüşlər varmı? Məncə, müəyyən eniş hiss olunur. Bu, məsələnin bir tərəfidir. Biznes baxımından isə onlar “Paramount” ilə 7 illik, illik 1,1 milyard dollar dəyərində müqavilə imzalayıblar. Promouşen üçün ən vacib məqam da budur. Mənim özümün də dörd il televiziya müqaviləm olub”.

Keçmiş çempion hesab edir ki, uzunmüddətli televiziya müqaviləsi UFC-ni maliyyə baxımından maksimum rahat vəziyyətə gətirib: “Televiziya müqavilən olanda sponsorlarla işləmək daha asan olur. UFC-nin yeddi illik müqaviləsi var və artıq onların əlavə nəyəsə ehtiyacı yoxdur, onsuz da gəlirlərini əldə edəcəklər. Turnir uğurlu keçsə də, keçməsə də, onlar pullarını alacaqlar. İllik 1,1 milyard dollar çox böyük məbləğdir. On il əvvəl UFC müxtəlif ölkələrə daxil olmağa çalışırdı, indi isə ölkələr UFC-nin onlarda turnir keçirməsini istəyirlər”.

Həbibin sözlərinə görə, bu inkişaf UFC-ni artıq dünyanın ən nüfuzlu idman brendləri ilə eyni sıraya yüksəldib: “Hər kəs UFC kimi brendi öz ölkəsinə cəlb etmək istəyir. UFC artıq İngiltərə Premyer Liqası, MBA, MHL və UEFA Çempionlar Liqası ilə eyni səviyyəyə yüksəlib. Formula-1 də həmin səviyyədədir”.

Shares: