“Premyer Liqada çalışmaq özü bir məsuliyyətdir. Gənc yaşda elitada baş məşqçi kimi işləmək sevindirici olduğu qədər, məsuliyyətli işdir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “İmişli”nin baş məşqçisi Fərid Namazov deyib.
Mütəxəssis yenidən “İmişli”yə qayıtmasının onun üçün xoş hisslər yaratdığını bildirib: “Yenidən “İmişli”yə qayıtmaq gözəl hissdir. Ümidləri doğrultmağa çalışacağıq. Klubu yaxşı tanımağım üstünlükdür. Mənim olduğum birinci dönəmdən qalan işçilər və oyunçular var. Əlbəttə, bu amil işimi daha da asanlaşdırır. Mənə inandıqları üçün klub rəhbərliyinə öz təşəkkürümü bildirirəm”.
Namazov ötən mövsüm komandanın baş məşqçisi olmuş Jorj Kaşkilyanın köməkçisi kimi çalışacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib: “Mənimlə Jorj Kaşkilyanın köməkçisi olmaqla bağlı heç bir söhbət olunmayıb”.
Baş məşqçi ötən mövsümün heyətini qoruyub saxlamağı arzuladığını da gizlətməyib: “Açığı, keçənilki komandanın qoruyub saxlanılmasını çox istəyərdim. Sadəcə, bu futboldur – gedənlər də olacaq, gələnlər də. Klub üçün ən yaxşı nə olacaqsa, o istiqamətdə də işlərimizi davam etdirəcəyik. Hədəf hər zaman daha yaxşı yerlərdə olmaqdır. Hər gün bizlər üçün yeni bir çağırışdır”.
GÜNAY SÜLEYMANOVA
