İtaliya Futbol Federasiyasının prezidenti Covanni Malako Andrea Pirloya milli komandanın baş məşqçisi vəzifəsinin verilməsi prosesini dayandırıb. Bu barədə jurnalist Canluka Di Marsionun saytı məlumat yayıb.
Mənbənin məlumatına görə, Pirlonun təyinatı ilə bağlı iyulun 27-nə planlaşdırılan görüşlər baş tutmayacaq. İtaliya Futbol Federasiyasının iştirakı ilə səhər saatlarında yekunlaşdırılması nəzərdə tutulan təşkilati proses də dayanıb.
Daha əvvəl 47 yaşlı mütəxəssisin milli komandaya rəhbərlik etməyə razılıq verdiyi və yaxın günlərdə müqavilə imzalayacağı bildirilirdi. Lakin onun Rusiya ilə biznes əlaqələri olması səbəbindən namizədliyinə dair yeni suallar yaranıb. Pirlo öz açıqlamasında siyasətlə hər hansı əlaqəsinin olduğunu təkzib edib və yalnız peşəkar münasibətlərinin olduğunu təsdiqləyib.
Xatırladaq ki, mayın sonunda Pirlo Moskvada bukmeker şirkətinin təşkil etdiyi reklam tədbirində iştirak edib. Mütəxəssis həmin şirkətlə rəsmi əməkdaşlıq edir. Onun bu təşkilatla müqaviləsi İtaliya millisində vəzifəsinin rəsmən təsdiqlənməsindən sonra avtomatik olaraq ləğv ediləcək. Bununla belə, FIGC vəziyyəti əlavə olaraq araşdırmaq qərarına gəlib.
