Azərbaycan çempionu olmaq təkcə titul qazanmaq baxımından önəmli deyil. Premyer Liqada uğur əldə etmək həm də avrokuboklrda hədəfə daha rahat çatmaq imkanı verir.
“Qarabağ” illərdir bunun faydasını görür. Üstəlik, ağdamlılar topladığı reytinq xalları ilə işini daha da asanlaşdırır, münasib rəqiblərlə görüşlərdə qrup mərhələsinə gedən yolu hamarlaşdırır. Təbii ki, Liqa mərhələsinə yüksəlmək üçün təsnifatlarda da yaxşı çıxış etməlisən, lakin Avropa Liqası və Konfrans Liqası ilə müqayisədə Çempionlar Lqasında daha çox “sığortan” olur.
İndi “Sabah” bu üstünlükdən faydalanır. Cəmi iki mərhələ keçilib, amma Liqa mərhələsinə vəsiqə indidən təmin edilib. Masazır təmsilçisi ən azı Konfrans Liqasında mübarizəni davam etdirəcək. Bu qarantiya ilə ÇL-də daha irəli getməyə cəhd etmək olar.
Ancaq “Sabah”ın uğurlu çıxışı da gözardı edilə bilməz. ÇL-də debüt mövsümündə ardıcıl iki mərhələ keçən ilk Azərbaycan komandası olan “bayquşlar” bunu 4 qələbə ilə reallaşdırıb. Komanda bununla həm özünə, həm də ölkəyə reytinq balları gətirir. Yəni ki, Valdas Dambrauskasın yetirmələri təsadüfən deyil, əla oyunun qarşılığında yola davam edir.
KuPS-la cavab matçının ilk hissəsi müəyyən narahatlıq yaratdı. Bakıda saysız qol vəziyyətləri yaradıb cəmi bir qol vuran təmsilçimiz Finlandiyada fərqli mənzərə yaşayırdı. Meydan sahibləri ilk yarım saatda ələ düşən fürsətlərin bir-ikisndən yararlansaydı, bəlkə də gedişat fərqli olacaqdı. Lakin evdə bəxti gətirməyən “Sabah” inamla müdafiə olundu, bəzi anarda rəqibin qeyri-dəqiqliyi də işinə yaradı. Fasilədən sonra isə tam üstünlüyə yiyələnən təmsilçimiz istədiyi qolları vurub hədəfinə çatdı.
Süni meydan amili, hesabdakı üstünlüyü instinktiv qorumaq niyyəti “Sabah”ı matçın əvvəlində karıxdırmışdı. Litvalı mütəxəssis fasilədə deməyə lazımi sözləri tapdı və “bayquşlar” öz oyununu oynamağa başlayan kimi finlərin iradəsi qırıldı.
Qələbə gözəldir, “Sabah” tarixi uğurun dadını çıxartmalı, ən azı Konfrans Liqasının qrupunda oynayacağının sevincini yaşamalıdır. Amma ÇL-də, heç olmasa, Avropa Liqasında da Liqa mərhələsinə qatılmağa çalışmaq mümkündür. Komanda buna cəhd edəcək, bununla belə, etiraf etmək lazımdır ki, heyət daha yüksəkdən uçmaq üçün yetərsizdir.
Dambrauskas hələlik ötənilki heyətdən faydalanır, yeni transferlər özünü göstərə bilməyib. Onların həm sayı çox, həm də keyfiyyəti yüksək olmalıdır. Mərhələlər keçildkcə daha güclü rəqiblər gəlir və mübarizə çətinləşir. Daxili yarışlar üçün də əlavə qüvvəyə ehtiyac duyulacaq. Bu səbəbdən “Sabah” rəhbərliyi heyəti gücləndirməlidir.
Əsas olan “Sabah”ın minimal hədəfinə çatmasıdır. Komanda buna səbrlə, illərlə çəkilən zəhmətlə çatdı. Klub rəhbərliyi ani uğuru yox, mərhələli inkişafı seçdi və yanılmadı. Pillə-pillə qurulan sistem, edilən seçimlər faydasını verdi. “Sabah” artıq klub kimi də xeyli böyüyüb və qitə kuboklarının bundan sonrakı hissəsində də statist rolunu oynamayacaq.
Bu qələbənin əsas heyət oyunçularından olan Aaron Maludasız qazanılması da qeyd edilməlidir. Dambrauskas getməyi qərara alan fransalının yoxluğunda oyun intizamını pozmadı, hansısa futbolçudan asılı olmadıqlarını, komanda halında mübarizə apardıqlarını göstərdi. Və Maludanın 3 milyon avroya satılması “Sabah”ın növbəti qələbəsi sayılmalıdır. 200 min avrodan ucuz alınan bir oyunçunun bu qiymətə satılması klub işinin də əla qurulmasının nümunəsidir. Deməli, təkcə nəticələr yox, həm də biznes planları doğru düşünülüb.
Missiya bitməyib, arxayınlaşmaq olmaz. “Sabah”ın ÇL-də daha irəli getməsi üçün şans var. Eyni istəklə davam etmək lazımdır. Üstəlik, Premyer Liqanın yeni mövsümü üçün də planlar cızılmalıdır. Çünki avrokubokdakı uğurun təməli məhz ölkə çempionatında qoyulur.
FƏRİD
