Ötən mövsümü növbəti dəfə böyük uğursuzluqla başa vuran “Barselona” basketbol klubu yüksək büdcəsinə baxmayaraq, Avroliqada pley-off mərhələsinə vəsiqə qazana bilmədi. Uğursuz nəticələrdən sonra Kataloniya klubu yeni mövsüm üçün ciddi yenidənqurma prosesinə start verib.
Əvvəlcə uzun illər klubun baş meneceri vəzifəsində çalışmış əfsanəvi Xuan Karlos Navarro ilə yollar ayrılıb. Daha sonra “Barselona” baş məşqçi Xavi Paskualı komandada saxlamağa çalışsa da, ispaniyalı mütəxəssis klubdakı vəziyyətdən narazı qaldığı üçün ayrılmağa qərar verərək “Dubay”a keçib.
Kataloniya mətbuatının yaydığı məlumata görə, “Barselona” baş məşqçi postuna “Baskoniya”nın çalışdırıcısı Paolo Qalbiatini gətirmək istəyib. Lakin “Baskoniya” italiyalı mütəxəssisi komandada saxladıqdan sonra Kataloniya təmsilçisi Sloveniya millisinin baş məşqçisi Aleksander Sekuliçi bu vəzifəyə təyin edib.
Bununla yanaşı, “Barselona” heyətində də genişmiqyaslı dəyişikliklərə gedib. Ötən mövsüm Avroliiqanın ən yaşlı heyətinə malik komandası olan klub yay fasiləsində artıq 12 basketbolçu ilə vidalaşıb. Komandadan ayrılan oyunçular bunlardır: Uill Klaybern, Niko Laprovittola, Tomas Satoranski, Yan Veselı, Mayls Keyl, Mayls Norris, Villi Ernanqomes, Yussufa Fall, Xuani Markos, Nikola Kusturitsa, Xoakim Boumtye-Boumtye və Sayon Keyta.
Bundan başqa, gürcüstanlı Tornike Şengeliyanın da yay transfer dönəmində “Barselona”dan ayrılaraq “Dubay” klubuna keçəcəyi gözlənilir.
