Beynəlxalq Avtomobil Federasiyası (FIA) ralli üzrə dünya (WRC) və Avropa (ERC) çempionatlarının kommersiya hüquqlarının yeni sahiblərini rəsmən təsdiqləyib.
Bundan sonra hüquqlar avtomobil texnologiyaları sahəsində fəaliyyət göstərən Fransanın “Cosmobilis” şirkətinə və özəl kredit investoru “Park Square Capital” fonduna məxsus olacaq. Yarış seriyalarının icraçı direktoru isə Formula 1-də “Maklaren” və “Lotus” komandalarının sabiq rəhbəri Erik Bulye təyin edilib.
“Bu, ralli üçün əsl əsrin müqaviləsidir. Bu inqilabi irəliləyişi qürur hissi ilə elan edirəm” – deyə FIA prezidenti Məhəmməd bin Sulayem bildirib.
