“İlk oyundan sonra “Dinamo”nun necə qalib gəldiyindən çox, “Qarabağ”ın necə qol vura bilməməsi barədə düşünürdüm. “Dinamo” o qədər hədiyyələr paylayırdı ki, azərbaycanlılar məğlub olduqlarına görə özlərindən başqa heç kimi günahlandıra bilməzlər”. Futbolinfo.az xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun sabiq hücumçusu Artyom Milevski UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi deyib.
O, Kiyev klubunu Bakıda çox çətin oyun gözlədiyini söyləyib: “İkinci oyunda kim səhvləri üzərində daha yaxşı işləsə, o da qalib gələcək. Mən “Dinamo”nun birdən-birə öyrənəcəyinə o qədər də inanmıram. Öyrənirsə də, çox gec öyrənir. İlk oyundan sonra “Dinamo”da hər şeyin o qədər də pis olmadığını deyənlərlə, ümumiyyətlə, razı deyiləm”.
Milevskinin fikrincə, “Dinamo” yaradıcı oyun göstərməkdə əziyyət çəkir: “Lublində “Qarabağ”ı o qədər də üstələmədi, sadəcə oyundan əziyyət çəkərək çıxdı. Qaçdılar, müdafiə olundular, haradasa bəxtləri gətirdi, haradasa təhlükədən qurtuldular və artıq nədənsə növbəti mərhələyə keçməyin favoritləri sayılırlar. Düşünürəm ki, Qurban Qurbanov nəticə çıxaracaq. Amma “Dinamo”nun da nəticə çıxarıb-çıxarmayacağı sual altındadır”.
41 yaşlı mütəxəssis “Qarabağ”ın cavab görüşündə irəli atılacağını deyib: “Azərbaycanda çətin olacaq. “Qarabağ”ın topa uzun müddət nəzarət etməsinə ehtiyac yoxdur. Düşünürəm ki, ilk dəqiqələrdən irəli atılacaqlar. “Dinamo”nun müdafiəsində hazırda vəziyyət elə də ürəkaçan deyil. Əgər oyunun əvvəlindən geriyə çəkilib topu rəqibə versələr, orada nələrin baş verə biləcəyini təsəvvür etməyə belə qorxuram”.
Milevski qarşılaşmanın əlavə vaxta getmək ehtimalını da yüksək qiymətləndirib: “Mən oyunu təxminən belə görürəm: “Qarabağ” qol vuracaq, “Dinamo” cavab verməyə məcbur olacaq, amma qarşılıqlı qol yağışı olmayacaq. “Dinamo” qarşılıqlı atışmaya gedəcək komanda deyil. Qaçacaqlar, mübarizə aparacaqlar, dözəcəklər, səhvlər edəcəklər, yenidən qaçacaqlar. Bəlkə də, haradasa bir qol vura bilərlər. 1:0, 1:1 kimi hesablar real görünür. Əlavə vaxt, hətta penaltilər seriyası da mümkündür”.
Qeyd edək ki, “Qarabağ” – “Dinamo” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
