“Sabah” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında bu gün Danimarkanın “Orhus” komandasını qəbul edib.
Futbolinfo.az xəbər verir ki, 4:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis qürurlu olduğunu bildirib:
“Bütün azərbaycanlı azarkeşləri, öz oyunçularımızı, rəhbərliyimizi, bütün heyəti, hər kəsi təşəkkür edirəm. Qürurluyam. Məğlubiyyətdən dərs çıxarmışdıq. Bu gün bilirdik hazırıq. Oyundan qabaq da demişdim, kim hazır olacaqsa, kim səhvlərdən düzgün nəticə çıxaracaqsa, o da qalib gələcək. Oyunun sonuna qədər dominant tərəf biz idik. Rəqib sanki, Danimarkadakından daha çox üzərimizə gəlirdi. İkinci qolu vurandan sonra daha çox hücumlara çıxdılar və boşluqlar yarandı.
Altıncı gün bizim Azərbaycan çempionatında oyunumuz var. Ona hazırlaşacağıq. Həqiqətən, bu gün xoşbəxtəm.
Hazırda pley-offdakı rəqibi müzakirə belə, etmək istəmirəm. Bizi qarşıda “Kəpəz”lə oyun gözləyir. Rəqibi tanımırıq, yeni oyunçuları var. Həqiqətən, çətin olacaq. Mən hazırda yalnız bu oyunu düşünürəm
Sonuncu dəfə yoxlayarkən heyətimizdə dörd qapıçımız var idi. Üç gənc azərbaycanlı qapıçımıza həqiqətən güvənirəm. İnanıram ki, onlar məni gələcəkdə yanıltmayacaqlar. Bundan başqa, heyətimizdə 25 futbolçu var. Və hələ onlardan 10-u heç meydana çıxmayıb. Necə deyə bilərik ki, bizim heyətimiz geniş deyil? Mən onların hər birinə güvənirəm və inanıram”.
İlk oyunda 1:2 hesabı ilə məğlub olan “Sabah” evdə qalib (4:0) gələrək, Çempionlar Liqasının pley-off mərhələsinə adlayıb.
