Azərbaycan futbolunda akademiya sisteminin inkişafı və məşqçilərin davamlı təhsilinin dəstəklənməsi istiqamətində AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən həyata keçirilən tədbirlər davam etdirilir.
Futbolinfo.az xəbər verir ki, növbəti təlimlər “Turan Tovuz” FK Akademiyasında və “Kəpəz” FK Akademiyasında təşkil olunub.
Təlimlərdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev, koordinator Səid Abasov və akademiyalarda texnologiyaların tətbiqi üzrə mütəxəssis Ziya Əskərov iştirak ediblər.
Proqramın əsas hissələrindən biri AFFA-nın 5 Ulduz Akademiya İnkişaf Modelinin ətraflı təqdimatına həsr olunub. Məşqçilərə modelin strukturu, əsas inkişaf istiqamətləri, qiymətləndirmə meyarları və akademiyaların fəaliyyətinin sistemli şəkildə inkişaf etdirilməsində rolu izah olunub. Modelin akademiyaların mövcud vəziyyətini qiymətləndirməklə yanaşı, gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində istifadə imkanları da müzakirə edilib.
Oyunçu inkişafına dair sessiyalarda Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), Fiziki hazırlıq əsas mövzulardan olub. Bununla yanaşı, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, məşq sessiyalarının məqsədyönlü hazırlanması, oyunçuların inkişaf mərhələsinə uyğun məşq məzmununun seçilməsi və yüksək səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan mühit barədə fikir mübadiləsi aparılıb.
Müasir texnologiyaların futbolçu inkişafında tətbiqinə də diqqət ayrılıb. Ziya Əskərov tərəfindən təqdim olunan Eyeball platforması vasitəsilə oyunçu inkişafının planlaşdırılması, məlumatların sistemləşdirilməsi, monitorinq və qiymətləndirmə imkanları məşqçilərə nümayiş etdirilib.
AFFA-nın Futbolun İnkişafı Departamenti akademiyaların inkişafını yalnız ayrı-ayrı təlimlərlə deyil, məşqçi təhsili, vahid metodologiya, strukturlaşdırılmış oyunçu inkişafı və akademiyaların fəaliyyətinin davamlı təkmilləşdirilməsi istiqamətlərinin bir-birini tamamladığı uzunmüddətli proses kimi qiymətləndirir.
