“Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə əməliyyat olunub. Bakıdakı özəl xəstəxanaların birində keçirilən əməliyyat uğurla başa çatıb.

Azərbaycan millisinin də üzvü olan yarımmüdafiəçinin təxminən 5 ay sonra meydana qayıdacağı bildirilir. Həkimlər onun karyerasının erkən başa çatması ehtimalının olmadığını deyir.

Futbolçu ötən gün Misli Premyer Liqasının 1-ci turunda “Neftçi” ilə matçda qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. O, meydanı tərk edərkən stadionunun dəhlizinin qapısının şüşəsinə zərbə vurub. Bu zaman böyük şüşə parçası qırılaraq onun ayağının üstünə düşüb və futbolçu ciddi xəsarət alıb.

Bu barədə xəbəri ilk yayan “Futbolinfo” oyunçunun ayaq vətərlərinin kəsildiyini, onun hətta karyerasını bitirmək ehtimalının olduğunu yazmışdı. Şükür ki, bəd proqnoz reallaşmadı. Zatən doğru həkim müdaxiləsi ilə xoş xəbər almağın mümkünlüyünü yazmışdıq.

Maraqlıdır ki, klub Abdullazadənin əməliyyat olunduğunu bildirsə də, səbəbi gizli saxlayıb. Güman ki, biz məsələni ictimailəşdirməsəydik, “Sumqayıt” hətta əməliyyat xəbərini də açıqlamayacaqdı.

Shares: