Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskov sabiq FIFA prezidenti Yozef Blatterin iki il ərzində ona 100 min dollar ödəniş etdiyini açıqlayıb.
Koloskov bildirib ki, həmin dövrdə Blatter onu keçmiş SSRİ respublikalarının FIFA-ya üzvlük məsələləri üzrə məsləhətçi təyin edib. Onun sözlərinə görə, vəzifəsi respublikaların təqdim etdiyi sənədləri araşdırmaq və onların FIFA-nın nizamnamə prinsiplərinə uyğunluğunu müəyyənləşdirmək olub: “Blatter məni bütün respublikalar üzrə məsləhətçi təyin etmişdi. Mən bütün sənədləri araşdırmalı və ona onların nizamnamə prinsiplərinə nə dərəcədə uyğun olduğunu bildirməli idim”.
O qeyd edib ki, bu iş FIFA-nın bütün maliyyə komitələrindən və digər instansiyalardan keçib. Koloskov 100 min dolların məhz iki illik məsləhətçi fəaliyyəti üçün ödənildiyini təsdiqləyib. Koloskov həmçinin Blatterlə yaxın dostluq münasibətlərinin olduğunu və onların tennisə olan maraqlarının da münasibətlərini möhkəmləndirdiyini söyləyib.
O, Blatterin 2011-ci ildə Mişel Platiniyə iki milyon dollar ödəməsi ilə bağlı prosesə də toxunaraq, bu ödənişin FIFA-nın beynəlxalq təqviminin hazırlanması ilə bağlı işə görə edildiyini bildirib. Onun sözlərinə görə, sonda həm Blatter, həm də Platini bəraət alıb, lakin həmin proseslər Blatterin səhhətinə ciddi təsir göstərib və “onu, demək olar ki, infarkta çatdırıb”.
