“Şamaxı”nın “Sumqayıt”dan heyətə qatdığı Abdul Raşid Mumininin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının ilk turunda “Qarabağ”a 1:3 hesabı ilə məğlub oldunuz. Qarşılaşma ilə bağlı fikirləriniz necədir?
– Hər iki hissədə yaxşı oynadıq. İkinci hissədə müəyyən çətinliklər yaşasaq da, ümumilikdə yaxşı oyun keçirdiyimizi düşünürəm. “Qarabağ” kimi rəqiblə mübarizə aparmaq çətindir. Amma biz əlimizdən gələni etdik.
– Mövsümün ilk turunda “Qarabağ” kimi güclü rəqiblə qarşılaşmağınızı sizin üçün müəyyən mənada əlverişsiz amil hesab etmək olarmı?
– Xeyr, bunu bizim üçün əlverişsiz amil hesab etmirəm. Biz ora yalnız qələbə qazanmaq üçün getmişdik. Başqa heç bir düşüncəmiz yox idi. Yəni rəqibin fərqi yoxdur. Biz qalibiyyət üçün meydana çıxırıq.
– Ümumilikdə, komandanın gələcəyi barədə nə düşünürsünüz? Qarşınıza hansı məqsədləri qoymusunuz?
– Yaxşı komandamız var. Məqsədimiz bu mövsüm mümkün qədər çox oyun qazanaraq yaxşı nəticələr göstərməkdir. Bacardığımız qədər yaxşı çıxış etmək istəyirik. Bu, bizim hədəfimizdir.
– “Sumqayıt”da çıxış etdikdən sonra “Şamaxı”ya keçidi özünüz üçün yaxşı fürsət hesab edirsinizmi?
– “Sumqayıt”da çıxış etməyim burada, “Şamaxı”da tez uyğunlaşmağıma kömək edir. Misli Premyer Liqasına artıq bələdəm. Buna görə də bu keçidi özüm üçün yaxşı fürsət hesab edirəm.
– Növbəti turda “Turan Tovuz”la qarşılaşacaqsınız. Sizcə, bu oyundan qələbə ilə ayrılmaq mümkündürmü?
– Bəli, əlbəttə. İnşallah, meydana qələbə qazanmaq üçün çıxacağıq.
ABBAS
