“Sabah”ın Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli oldu və püşkün Azərbaycan çempionuna kifayət qədər ağır sınaq hazırladığı artıq heç kimdə şübhə doğurmur. Bakı təmsilçisi evdə İspaniya “Barselona”sı, Almaniyanın Dortmund “Borussiya”sı, İtaliya “Napoli”si və Çexiya “Slaviya”sı ilə qarşılaşacaq, səfərdə isə İngiltərənin “Arsenal”ı, “Mançester Yunayted”i, İspaniyanın “Vilyarreal”ı və Norveçin “Vikinq”i ilə üz-üzə gələcək.

UEFA-nın 36 komandalı yeni liqa mərhələsində hər komanda səkkiz müxtəlif rəqiblə qarşılaşır və “Sabah” üçün bu səkkizliyin tərkibi Azərbaycan klubları tarixində indiyədək görülməmiş dərəcədə möhtəşəm görünür. Rəqiblərin altısı Avropanın “Böyük beşlik” adlandırılan İngiltərə, İspaniya, Almaniya və İtaliya çempionatlarını təmsil edir.

Başqa sözlə, “Sabah”ın səkkiz rəqibindən altısı qitə futbolunun ən güclü beş liqasından gəlir və bu mənada Azərbaycan çempionunun qarşılaşacağı təqvim ölkə futbolu üçün tamamilə yeni miqyas ortaya qoyur. Üstəlik, söhbət sadəcə həmin çempionatların iştirakçılarından getmir. Bu siyahıda Avropa futbolunun ən böyük adları, Çempionlar Liqasının tarixində öz izini qoymuş və uzun illər qitənin ən yüksək səviyyəsində çıxış etmiş klublar var.

Bu rəqiblər arasında ən böyük ad, şübhəsiz, “Barselona”dır. Kataloniya klubu Çempionlar Liqasında ümumilikdə beş dəfə zirvəyə yüksəlib. “Barselona”nın sonuncu Avropa çempionluğu 2014/15 mövsümündə, Berlin finalında “Yuventus”a qalib gəldiyi vaxt qeydə alınıb. Bu klub beş çempionluqla turnirin ən titullu komandalarından biridir. İndi isə bu nəhəng komanda ilk dəfə Azərbaycan paytaxtına gələcək. Bu, təkcə “Sabah” üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün xüsusi hadisədir.

İndiyədək ölkəmizə gəlmiş ən titullu klub kimi “Ayaks”ın adı çəkilirdi. Amsterdam təmsilçisi Avropanın əsas klub turnirində dörd dəfə çempion olub. Lakin “Barselona”nın Bakıya səfəri ilə bu göstərici geridə qalacaq. Daha önəmlisi isə yalnız titulların sayı deyil. “Barselona”nın adı dünya futbolunda xüsusi kommersiya, tarixi və idman çəkisinə malikdir. Lionel Messi, Xavi, Andres İnyesta, Ronald Kuman, Yohan Kroyff kimi futbolun müxtəlif dövrlərinə damğa vurmuş adlarla assosiasiya olunan bu klubun Azərbaycanda rəsmi oyuna çıxması ölkə futbolunun ən diqqətçəkən hadisələrindən birinə çevriləcək.

“Barselona”nın ardınca bu siyahıda “Mançester Yunayted” və Dortmund “Borussiya”sı da dayanır. İngiltərə klubu Çempionlar Liqasını üç dəfə qazanıb, sonuncu dəfə isə 2007/08 mövsümündə Moskva finalında “Çelsi”ni penaltilər seriyasında məğlub edərək kuboka sahib çıxıb. Dortmund “Borussiya”sı isə turnirdə bir dəfə  1996/97 mövsümündə çempion olub. Beləliklə, yalnız bu üç klubun Çempionlar Liqasında qazandığı titulların sayı doqquza çatır. Bu faktın özü “Sabah”ın qarşısındakı səviyyəni göstərmək üçün kifayətdir.

Dortmund “Borussiya”sı da Azərbaycan futbolu üçün tamamilə yad ad deyil. Əvvəllər də klublarımıza rəqib olmuş Almaniya klubu uzun illərdir Çempionlar Liqasının əsas iştirakçılarından biridir və 2024-cü ildə finala qədər yüksəlməsi onun Avropanın elit klubları sırasında yerini qoruduğunu göstərir. “Sabah”ın bu komanda ilə Bakıdakı görüşü də xüsusi maraq doğuracaq. Alman futbolunun intizamı, yüksək temp və fiziki mübarizə üzərində qurulan oyun xüsusiyyətləri Azərbaycan çempionu üçün ayrıca sınaq olacaq.

“Napoli” də Azərbaycan futbolsevərlərinə artıq tanış olan rəqibdir. Ötən mövsüm “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində Neapol klubunun qonağı olmuşdu və bu səbəbdən İtaliya təmsilçisi ölkəmiz üçün tamamilə yeni ad sayılmır. Fərq ondadır ki, bu dəfə qarşılaşma Bakıda keçiriləcək və “Sabah” “Napoli”ni öz meydanında qəbul edəcək.

Səfər oyunlarının arasında “Arsenal” və “Mançester Yunayted” xüsusi çəkisi ilə seçilir. “Arsenal” son illərdə Avropanın ən iddialı komandalarından birinə çevrilib və ötən mövsüm Çempionlar Liqasının finalına qədər irəliləyib. “Sabah”ın London səfəri Azərbaycan futbolçuları üçün yalnız güclü rəqiblə oyun deyil, həm də dünyanın ən məşhur futbol arenalarından birində mübarizə aparmaq imkanı olacaq.

“Mançester Yunayted”lə səfər oyunu isə adı özü-özlüyündə böyük maraq yaradan qarşılaşmadır. UEFA-nın püşk nəticələrinə əsasən “Sabah” hər iki İngiltərə klubuna qarşı səfərdə oynayacaq.

“Vilyarreal” da bu siyahıda təsadüfi komanda deyil. İspaniya klubu uzun müddətdir La Liqanın və Avropa turnirlərinin rəqabətli kollektivlərindən biri kimi tanınır. “Sabah” bu komanda ilə İspaniyada qarşılaşacaq və beləliklə, Azərbaycan çempionunun səfər coğrafiyasına İngiltərə və İspaniya kimi futbol ölkələri də daxil olacaq. Bu matçın çətinliyi yalnız rəqibin səviyyəsi ilə deyil, səfər amili ilə də bağlı olacaq. Yeri gəlmişkən, koronavirus dövründə “Qarabağ” səfərdə “Vilyarreal”la oynamalı idi, amma heyət yetərsizliyi səbəbindən komandamız İspaniyaya yola düşə bilməmiş və texniki məğlubiyyət almışdı.

Səkkizliyin digər iki komandası “Slaviya” və “Vikinq” ilk baxışdan əvvəlkilərlə müqayisədə daha əlçatan görünə bilər. Ancaq Çempionlar Liqasının yeni formatında heç bir rəqibi asan hesab etmək mümkün deyil. “Slaviya” Çexiya futbolunun ən köklü klublarından biridir və Avropa turnirlərində kifayət qədər təcrübəyə malikdir. Üstəlik, Praqa təmsilçisi “Sabah” kimi dördüncü səbətdə yer alıb və bu, onun turnirdə zəif komanda olduğunu yox, əksinə, püşkün ən aşağı səbətindən çıxan rəqiblərdən biri olduğunu göstərir.

sabah v h. beer sheva uefa champions league 2026 27 play offs second leg - Futbolinfo.az

“Vikinq” isə “Sabah” üçün xüsusi məna daşıyır. Norveç klubu ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcək. Üstəlik, nəzərə alaq ki, Zaqreb “Dinamo”sunu əzə-əzə keçdilər. Deməli, “Sabah”ın qarşısına çıxan iki komanda – “Barselona” və “Vikinq” – Azərbaycan klubları ilə ilk dəfə qarşılaşacaq rəqiblərdir. Digər komandalarla isə ölkə klublarımız müxtəlif illərdə Avropa turnirlərində üz-üzə gəlib. Ən uzaq keçmişdə “Slaviya” ilə qarşılaşmışıq. “Şəmkir” və “Karvan” yadınıza gəlir?!

Bu baxımdan “Sabah”ın rəqiblərini indiyədək Azərbaycan klublarının qarşılaşdığı ən ağır “qrup” adlandırmaq olar. Texniki baxımdan bu, artıq qrup mərhələsi deyil, liqa mərhələsidir, amma mahiyyət etibarilə səkkiz oyunluq bu proqram Azərbaycan futbolunun qarşısına çox ciddi ölçü qoyur. “Sabah” üçün əsas məsələ yalnız nəticə əldə etmək deyil, həm də özünü bu səviyyədə göstərmək, Azərbaycan futbolunun hansı nöqtəyə gəlib çatdığını nümayiş etdirmək olacaq.

Ən maraqlısı isə odur ki, bu səkkiz oyun Azərbaycan çempionunun tarixində sadəcə statistik nəticələr kimi qalmayacaq. Bakıdakı “Barselona” oyunu ölkəyə gəlmiş ən nüfuzlu və titullu klublardan birinin iştirakı ilə keçiriləcək, “Borussiya” və “Napoli” də paytaxtda böyük Avropa futbolu ab-havası yaradacaq. Və təbii ki, London, Mançester və İspaniya səfərləri…

“Neçə xal toplaya bilərik” sualına cavab vermək çətindir. Ev oynularında bəlkə, “Borussiya”, “Napoli”dən 1 xal alıb “Slaviya”nı məğlub etmək olar. Bu oldu 5! Səfərdə isə ən yaxşı halda “Vilyarreal”la heç-heçə edib “Vikinq”ə qalib gəlmək. Bu da oldu 4! Qrupdan çıxa bilərikmi? Yetməyə bilər, böyük ehtimalla yetməyəcək də. Hələ ən yaxşı halda bunları sadaladım. Pis hal odur ki…

Yox, xalsız qalmayacağıq. Halsız da olmayacağıq! “Sabah” döyüşəcək, əmin olun!

TAHİR MİRZƏ

Shares: