Premyer Liqa

Favoritlərin günü

6a9c56b9b8dda45 - Futbolinfo.az

“Zirə” mövsümün sürprizi olacaq komanda deyil. Qəsəbə təmsilçisi yenə avrokuboka düşmək üçün mübarizə aparacaq, bəlkə buna nail də olacaq, lakin parlaq oynayan kollektiv kimi görünməyəcək.

“Zirə” möhkəm ortabab sayıla bilər. Bu komanda ilə matçın nəticəsini proqnozlaşdırmaq heç vaxt mümkün olmur. “Qartallar” evdə autsayderə uduza, səfərdə favoriti məğlub edə bilər. Rəşad Sadıqovun yetirmələrində sanki qəfil qırılma baş verir. Dünən “Sabah”la görüş məhz belə alındı.

Hamı Çempionlar Liqası matçına hazırlaşan “Sabah”dan heyətdə rotasiya, ehtiyatlı oyun gözləyidi. Lakin Valdas Dambrauskas çempionatı arxa plana atmadı, eyni zamanda əsas oyunçularını tonusda saxlamaq istədi. Və “Zirə”nin buna hazır olmadığı göründü. Qonaqlar matç boyunca qol epizodları yaratdı, bəzən bərabər səviyyəli oyun göstərdi. Lakin reallıq dəyişmir – “Sabah” istədiyi vaxt qol vurdu və 5:0-ı təmin etdi.

Mövsümün ilk 3 turunda qələbə qazanan “Zirə”yə belə darmadağın yaraşmadı. Xüsusilə ötən tur “Neftçi”ni məğlub edən komandanın müdafiəsi bu qədər asanlıqla çözülməməli idi. “Sabah”ın xüsusilə mərkəzdən kombinasiyalı hücumları qonaqların başını gizəlləndirdi. Sadıqov buna qarşı heç bir tədbir görə bilmədi, hələ ilk hissədə məsələ həll olundu. Həm də bu, ilk dəfə deyil, “Sabah”a məğlubiyyətlər artıq seriya halını alıb.

Dambrauskasın yetirmələri top buraxmadan qazanılan 3 qələbə ilə yenidən zirvəyə şərikdir. Onun yetirmələri əla formadadır, ötən mövsümkü uğurun davamını gətirməyə çalışır. Yeni oyunçular da ansambla uyğunlaşıb, gücə güc qatıb. Komandanın gücü iki cəbhədə mübarizəyə yetsə, çempionluğa yenə əsas namizəd olacaqlar. Amma dünən 2-3 oyunçu zədələndi və bu, artıq həm də yorğunluğun nəticəsidir.

İstənilən halda, “Sabah” hazırda çempionatın ən yaxşı komandası kimi görünür. “Zirə”nin hətta müqavimət göstərməyə imkanı olmadı və bu, Sadıqova düşünmək üçün xeyli material verdi. Düzdür, rəqibdən fərqli olaraq, qonaqların heyəti xeyli dəyişib, yeni oyunçular hələlik uyğunlaşma mərhələsindədir. Bununla belə, 0:5 inama və imicə zərbədir.

Dünən baş tutan digər oyunda da darmadağın qeydə alındı. “Neftçi” “Şəfa” ilə görüşdə əsl favorit kimi davrandı. Debütant hesabı bərabərləşdirdi, hətta bu ana kimi yaxşı təsir bağışladı, lakin sürprizə güc çatmadı. Yuri Vernidub heyəti tam oturuşmayan rəqibin səhvlərini yaxşı gördü, əvəzetmələrlə ardıcıl qollara nail oldu.

“Neftçi”nin bu mövsüm əsas transferi Rüfət Abbasov sayıla bilər. Cinah müdafiəçisi qol vurdu, məhsuldar ötürmə etdi, penalti qazandı, öz mövqeyində rəqibə şans vermədi. Bakılıların digər oyunçuları da oyun dəst-xəttinə uyğunlaşsa, çempionluq uğrunda mübarizə aparanların sayı artacaq. Amma bunun üçün “Neftçi” fərdlərdən asılı olmamalı, komanda olaraq böyüməlidir.

FƏRİD

Shares: